Kornegi Fondunun tədqiqatçısı:
“Laçın yolunun girişində sərhəd-keçid məntəqəsinin qurulması yeni konfliktə doğru addımdır”
Mən Qarabağda yeni münaqişənin başlayacağını proqnozlaşdırıram. Bunu məşhur Kornegi Fondunun tədqiqatçısı, Cənubi Qafqaz üzrə mütəxəssis Tomas de Vaal bu gün keçirilən müzakirə zamanı deyib.
Tomas de Vaalın fikrincə, Laçın yolunun girişində, Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsinin qurulması yeni konfliktə doğru addımdır və Azərbaycan 10 noyabr 2020-ci il bəyanatının məlum bəndindən imtina edir:
“Biz bilirik ki, burada əsas beynəlxalq oyunçu Rusiyadır. O, ərazidə yeganə oyunçudur ki, fiziki olaraq nəsə edə bilər. Bu işdə mənim üçün əsas müəmma Rusiyanın fəaliyyətsizliyidir. Rusiya niyə bu prosesdə passivdir?”
Tomas de Vaal Azərbaycanın “tələsməsinin” səbəbini Türkiyədəki seçkilərlə əlaqələndirib:
“Türkiyədə 14 mayda keçirilən seçkilərdə Ərdoğanın uduzması istisna deyil və bu zaman Türkiyə-Azərbaycan münasibətləri yeni fazaya keçəcək. Türkiyə, ola bilsin ki, Azərbaycanın bərabərhüquqlu müttəfiqi olmağı dayandırsın. Ankaranın Cənubi Qafqazda öz gündəmi ola bilər və Türkiyə Azərbaycana bərabərhüquqlu tərəfdaş kimi yox, kiçik qardaş kimi baxmağa başlaya bilər”,- Kornegi Fondunun tədqiqatçısı, Cənubi Qafqaz üzrə mütəxəssis Tomas de Vaal bildirib.