İsa Qəmbər hədəfə alınıb
Müsavat Partiyasının sabiq başqanı, hazırda Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri olan İsa Qəmbərin oğlu İlkin Qəmbərin Tvitter hesabındakı paylaşımı rezonans doğurub.
Hazırda Kanadada yaşayan İlkin Qəmbər 24 aprel tarixində iddia edilən “erməni soyqırımı”nın “ildönümündə” paylaşım edib.
“Bu gün erməni soyqırımının ildönümüdür. Bir də olmasın” deyə İlkin Qəmbər paylaşımında bildirib.
Onun bu paylaşımı ciddi müzakirələrə səbəb olub. Ona görə ki, İlkinin atası İsa Qəmbər Milli Azadlıq Hərəkatının liderlərindən biri, Ali Sovetin sədri, illərlə Müsavat Partiyasının başqanı kimi həmişə anti-erməni mövqeyindən çıxış edib və onu Azərbaycanda məşhurlaşdıran da erməni iddialarına qarşı mübarizəsi olub.
Azərbaycan Respublikası mediyalaırnda yayılan məlumatlara görə “Ermənistan Krallığı: Roma ilə Parfiya arasında - Qədim tarix. Sənədli film” başlığı ilə yayılan filmin ssenari müəllifi də İlkin Qəmbərdir, filmin ərsəyə gəlməsində bir neçə azərbaycanlı da iştirak edib.
Tarixçi alim, dosent Zaur Əliyev bildirib ki,
“Filmdə İsa Qəmbərin oğlu sübut etməyə çalışır ki, “Ermənistan qədim torpaqdır”; Azərbaycanın və Türkiyənin torpaqlarını “dənizdən dənizə Ermənistan”ın ərazisinə qatır; Azərbaycanın adını çəkmir, eyni zamanda, sübut etməyə çalışır ki, bu torpaqlar qədimdən ermənilərə məxsus olub, ermənilər buranın ilk sakinləridir.
İsa Qəmbərin oğlunun 24 apreldəki tvitti Azərbaycan Respublikası mediyalarında İsa Qəmbərin siyasi həyatına son qoyulması məqsədi ilə geniş əks-təbliğatlara yol açıb.