Mişel-in açıqlaması Minsk qrupunun bəyanatlarından nə ilə fərqləndi?
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlama verib.
«Prezident Əliyev və baş nazir Paşinyanla altıncı görüşü yenicə başa vurduq. Mübadilələrimiz bir daha səmimi, dürüst və məzmunlu oldu», - deyə o bildirb.
«Mən liderləri sülh prosesinə güclü sadiqliyinə görə təqdir etdim və onları normallaşma yolunda qəti və dönməz irəliləyişi təmin etmək üçün gələcək cəsarətli addımlar atmağa təşviq etdim», - etdim deyən Şarl Mişel keçmiş Minsk qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistar rəhbərlərinin görüşündən sonra yaydıqları bəyanatları xatırladıb.
Şarl Mişel hər iki ölkə liderlərinin qarşılıqlı olaraq ərazi bütövlüyünü tanıdıqlarını, sərhədlərin delimitasiyası üçün siyasi çərçivə kimi 1991-ci il “Alma-Ata Bəyannaməsi”nə birmənalı sadiqliklərini bir daha vurğulayıb.
Avropa İttifaqı Şurasının Prezidenti suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsiplərinə cavab verən gələcək nəqliyyat razılaşmalarının şərtlərinin də müzakirə olunduğunu deyib. Dəmir yolu xəttinin tikintisinə dərhal başlanmasını vurğulayıb və Aİ-nin ona meliyyə töhfəsi verəcəyini qeyd edib.
Şarl Mişel təmsil etdiyi Avropa İttifaqının Qarabağdakı ermənilərə həssas yanaşdığını da vurğulayıb:
“Mən Laçın yolunun açılmasının vacibliyini vurğuladım. Mən Azərbaycanın Ağdamdan humanitar yardımları təmin etmək istəyini də qeyd etdim. Mən hər iki variantı vacib hesab edirəm və əhalinin ehtiyaclarının təmin olunması üçün hər iki tərəfdən humanitar yardımların çatdırılmasını dəstəkləyirəm.
Mən, həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən tibbi təxliyənin bərpasını da alqışladım.”- deyə Mişel bildirib.
Avropa rəsmisi 30 ildir öz yurd-yuvasından didərgin düşmül yerli azərbaycanlıların hüquqlarına toxunmadan Qarabağdakı erməni sakinlərin hüquqlarını vurğulayıb: “ Yerli əhalinin ilk növbədə hüquqlarının və təhlükəsizliyinin təmin olunmasına ehtiyacı var.Mən bu kontekstdə Avropa İttifaqının Bakı ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin nümayəndələri arasında birbaşa dialoqu dəstəklədiyini bildirdim.
Bu dialoq bütün tərəflər üçün çox vacib olan etimadı təmin etməlidir.”,- Mişel bildirib. Avropa İttifaqı Şurası Qarabağdakı ermənilərin nümayəndələri dedikdə kimləri nəzərdə tutduğunu aydınlaşdırmayıb ancaq qərb dünyası Rəsmi Bakı ilə separatçı ermənilər arasında birbaşa müzakirələrdə maraqlı olduğunu gizlətmir.
Şarl Mişel açıqlamasının sonunda tərəflərə “Avropa siyasi birliyi”nin növbəti Zirvə toplantısı çərçivəsində Qranadada Fransa və Almaniya liderlərinin də iştirakı ilə beştərəfli görüş təklifi verdiyini deyib.