Avq 30, 2023 13:27 Asia/Baku

Rəsmi Paris yeni diplomatik təşəbbüsə hazırlaşır

Emmanuel Makron Dağlıq Qarabağın blokadasına son qoymaq üçün Azərbaycana qarşı beynəlxalq təzyiqləri gücləndirmək məqsədilə Fransanın yeni diplomatik təşəbbüsünü açıqlayıb.

Fransa səfirləri qarşısında çıxış edən Makron bildirib ki, bu həftə Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə danışmaq imkanı olacaq.

“Biz humanitar Laçın dəhlizinin funksiyalarına tam hörmət edilməsini tələb edəcəyik. Biz təzyiqləri artırmaq üçün beynəlxalq səviyyədə bu istiqamətdə növbəti dəfə diplomatik təşəbbüs irəli sürəcəyik”, - deyə Makron əlavə edib.

Avqustun 25-də Fransanın “Le Figaro” qəzeti yazıb ki, Fransa Azərbaycanın Laçın dəhlizinin blokadası nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhranla bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsini təqdim etməyi planlaşdırır.

Bununla belə Makron Qarabağ məsələsində sərt xəttə tərəfdar olmadığını iddia edir və sadəcə olaraq bildirir ki, “Paris humanitar yüklərin Qarabağa çatdırılması üçün səylərini davam etdirməlidir”.

Onun fikrincə, Laçın dəhlizinin bağlanması ilə əlaqədar qeyri-məqbul humanitar situasiya yaranıb.

Azərbaycan Respublikası rəsmi Parisin sərgilədiyi mövqedən hiddətləndiyini gizlətmir və onu Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik etməkdə ittiham edir.

 

Teqlər