Rusiya rəhbəri Dağlıq Qarabağ problemindən danışıb
Putin: Qarabağ və iki rayon Ermənistana veriləcəkdi, İrəvan buna qane olmadı
Rusiya prezidenti bəyan edib ki, mövcud vəziyyətin yaranmasına Ermənistan hökumətinin özü bais olub, onlara vaxtilə sülh əvəzinə Dağlıq Qarabağ və iki rayona daimi nəzarət təklif olunmuşdu.
Sentyabrın 12-də Rusiya prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında Dağlıq Qarabağ problemindən danışıb.
Rusiya dövlət başçısı bildirib ki, Ermənistan rəhbərliyi Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb. Bu, indiki Ermənistan rəhbərliyinin qərarıdır.
“Əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıbsa, daha nədən söhbət gedə bilər?! Demək, Ermənistan özü Qarabağın statusunu müəyyən edib”, deyə o vurğulayıb.
Rusiya rəhbəri həmçinin Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Moskvanın təklif etdiyi variantlara da toxunaraq qeyd edib: “Ermənistan münaqişədən sonra yeddi rayonu nəzarətə götürmüşdü. Təklif etdik ki, bütün Qarabağ, Kəlbəcər və Laçın Ermənistanın nəzarətində qalmaqla Azərbaycanla razılığa gəlsinlər. Lakin Ermənistan rəhbərliyi bununla razılaşmadı. Baxmayaraq ki, Ermənistan rəhbərliyini onilliklər ərzində inandırmağa cəhd edirdik. Müxtəlif variantlar təklif etmişdik. Lakin yekunda hər şey elə buna gətirib çıxardı. Bizim “bəs nə edəcəksiniz?” sualımıza onlar “döyüşəcəyik” deyə cavab verirdilər. Yekunda hər şey hazırkı mövcud vəziyyətə gətirib çıxardı”.
Beləliklə Putin Azərbaycan prezidentinin keçmiş danışıqlarda konfliktin həlli naminə torpaq məsələsində güzəştə hazır olduğuna eyham vurub.
Xatırladaq ki, 2020-ci ildə Paşinyan hökumətinin qərbyönümlü siyasətindən qəzəblənən Putinin Azərbaycana yaşıl işıq yandırmasının ardınca, 44 günlük müharibə nəticəsində Azərbaycan ordusu Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etdi. Sonra isə Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirildi.
Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.