Ayətullah Müvəhhidi Kermani: İran xalqı sanksiyalar və təhdidlərə təslim olmayacaq
İyun 19, 2015 16:30 Asia/Baku
Tehranın müvəqqəti imam cüməsi Ayətullah Məhəmməd Əli Müvəhhidi Kermani bu gün cümə namazı xütbələrində İranın müxtəlif sahələrdə yüksək bacarıq və potensiallara malik olduğunu bildirib və deyib: Sanksiyalar İran üçün müəyyən problemlər yaratsa da, İran xalqı müqavimət iqtisadiyyatı və yerli potensiallar hesabına inkişaf yolunda addımlamaqda davam edir.
Ayətullah Müvəhhidi Kermani Amerikanın nüvə anlaşmasına İrandan daha artıq ehtiyaclı olduğunda heç bir şəkk və şübhənin olmadığına təkid edərək, deyib: sanksiya məsələsi və sanksiyaların ləğvinə təkid ona görədir ki, İran İslam Respublikası sanksiyaları zalımcasına hesab edir.Tehranın müvəqqəti imam cüməsi İranın nüvə müzakirə heyətinin 5+1 qrupu ilə nüvə müzakirələrinin yekun mərhələsində daha ayıq və sayıq olmalı olduğunu vurğulayıb və deyib: Nüvə məsələsi milli maraqlar çərçivəsində və İran xalqının izzətinə yaraşan formada həll edilməlidir.
Ayətullah Müvəhhidi Kermani nüvə müzakirələrində qarşı tərəfin tamahkarlıqlarına o cümlədən İranın hərbi mərkəzlərinə baxışın keçirilməsi ilə bağlı tələblərin irəli sürülməsinə işarə edərək, deyib: İslam İnqilabının Böyük Rəhbərinin buyurduqları kimi, heç bir vəchlə əcnəbilərə İranın hərbi və təhlükəsizlik mərkəzlərinə baxış keçirmək və İranın nüvə alimləri ilə müsahibə aparmaq icazəsi verilməyəcək.
Tehranın cümə namazı xətibi daha sonra Yəmən olaylarına işarə edib və deyib: Səudiyyəlilər elə bir şəraitdə müsəlmançılıq iddiasındadırlar ki, Yəmənin müsəlman əhalisinə qarşı heç bir zülm və zorakılıqdan çəkinmirlər.