Ruhani: Nüvə anlaşması İran və dünya üçün unudulmaz və tarixi bir hadisə idi
İran İslam Respublikası prezidenti İran və 5+1 qrupu arasındakı nüvə anlaşmasını İran və dünya üçün tarixi və unudulmaz bir hadisə adlandırıb.
İran İslam Respublikası Prezident Administrasiyasının mətbuat xidməti tərəfindən verilən məlumata görə, prezident Həsən Ruhani bazar günü Nazirlər Kabinetinin yeni günəş ilindəki ilk iclasında, ötən bir ildə görülən işlərə görə Nazirlər Kabinetinin üzvlərinə təşəkkür edib.
Həsən Ruhani daha sonra İran və böyük qüdrətlər arasında əldə olunan nüvə anlaşmasını İran və dünya üçün tarixi və unudulmaz bir hadisə adlandırıb və bu anlaşmanın hüquqi, siyasi və iqtisadi baxımdan son dərəcə önəmli olduğunu bildirib.
Ruhani nüvə anlaşmasının əldə edilməsindən 2 ayın ötməsinə işarə edərək, nüvə anlaşmasının əldə edilməsindən sonra baş vermiş dəyişikliklər barədə xalqın dəqiq formada məlumatlandırılması barədə göstəriş verib.
İran prezidenti nüvə anlaşmasının nəticələrindən daha artıq faydalanmaq üçün daha artıq zamana ehtiyacın olduğunu vurğulayaraq, sərmayə və texnologiyanın cəzb olunması, iqtisadi fəaliyyətlərin genişləndirilməsi üçün lazım olan atmosferin tədrici şəkildə formalaşacağını bildirib.