İran XİN ABŞ güləş yığmasına viza verilməsi ilə razılaşıb
İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın güləş yığmasına viza verilməsi ilə bağlı bu nazirliyin xüsusi komitəsinin razılıq verdiyini bildirib.
İran XİN sözçüsü Bəhram Qasimi bildirib: ABŞ-ın federal hakiminin qərarına əsasən İran vətəndaşlarının ABŞ-a girişinin yasaqlanmasının dayandırılması və İran İslam Respublikası Güləş Federasiyası prezidenti və Beynəlxalq Güləş Federasiyası prezidentinin müraciətinə əsasən, Kirmanşahda Güləş üzrə Dünya Çempionatında iştirak etmək məqsədilə ABŞ yığmasına vizanın verilməsinə razılıq verilib.
Bəhram Qasimi Amerikanın güləş yığmasına vizanın verilməməsi ilə bağlı bildirmişdi ki, İran İslam Respublikası hökuməti ABŞ xalqına hörmətlə yanaşaraq və onlarla bu ölkə hökumətinin düşmənçilik siyasətləri arasında fərq qoyaraq öz vətəndaşlarının hüququnu himayə etmək üçün İran vətəndaşlarına qarşı Amerikanın təhqiramiz məhdudiyyətləri ləğv edilənə kimi münasib vaxta qədər lazımi addımları atacaq.
Sərbəst Güləş üzrə Dünya Çempionatı 16-17 fevralda İranın qərbində Kirmanşah vilayətində keçiriləcək.