İran prezidenti Moskvada "Naməlum Əsgər" abidəsinin önünə əklil qoydu
İran İslam Respublikası prezidenti Həsən Ruhani Moskvada "Naməlum Əsgər" abidəsinin önünə əklil qoyaraq, 2-ci dünya müharibəsində həlak olanların xatirəsini anıb.
İRNA-nın məlumatına görə, Rusiya prezidenti Vladimr Putinin dəvəti ilə Moskvaya səfər etmiş Həsən Ruhani çərşənbə axşamı Kreml sarayının divarı kənarında yerləşən "Naməlum Əsgər" abidəsinin önünə əklil qoyub.
İran prezidenti bazar ertəsi günü yüksək səviyyəli bir heyətin müşayəti ilə Moskvaya səfər edib.
Həsən Ruhani dünən gecə Rusiyanın baş naziri Dmitri Medvedyev ilə görüşüb, ikitərəfli əlaqələr və regional əməkdaşlıqların genişləndirilməsi yolları barədə onunla danışıqlar aparıb.
İran prezidenti həmçinin, bu gün Moskva Dövlət Universitetində olaraq, fəxri doktorluq dərəcəsi ilə təltif edilib. Daha sonra Həsən Ruhani Moskva Dövlət Universitetinin müəllim və tələbələri qarşısında çıxış edib.