İnqilab Rəhbəri: Müqəddəs Müdafiə bu gün və gələcək üçün mühüm təsirlərə malikdir
İslam İnqilabının Böyük Rəhbəri deyiblər: Müqəddəs Müdafiə dövrünün unudulmaz və ibrətamiz dərslərindən biri səmimi qəlbdən Allaha təvəkkül etdiyin zaman bütün maneələr və çətinliklər üzərində qələbə çala biləcəyindir.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei çərşənbə günü axşam ordu komandanları, veteran döyüşçülər, incəsənət xadimləri və Müqəddəs Müdafiə dövrü ilə bağlı xatirə proqramlarının təşkilatçıları ilə görüşdə 8 illik Müqəddəs Müdafiə dövrü ilə bağlı xatirələrin bəyan edilməsini və bu xatirələrin gələcək nəsillərə çatdırılması üçün incəsənət, ədəbiyyat və müasir ədəbiyyat növlərindən istifadəni son dərəcə önəmli və dəyərli iş adlandırıblar.
Həzrət Ayətullahülüzma Xamenei Müqəddəs Müdafiə dövrünün ağır maddi zərərlər və insan tələfatı ilə yanaşı, bu gün və gələcək üçün dəyərli təsirlərə malik olduğunu deyərək, əlavə ediblər: İctimaiyyətdə inqilabçılıq ruhiyyəsinin qorunması və möhkəmləndirilməsi Müqəddəs Müdafiə dövrünün təsirlərindən biridir. Əgər Müqəddəs Müdafiə dövründəki fədakarlıq və cihadçılıq hərəkəti olmasaydı, heç şübhəsiz inqilabçılıq ruhiyyəsi təhlükə ilə üzləşərdi.
İnqilab Rəhbəri Müqəddəs Müdafiə dövrünün təsirləri ilə bağlı bəyanatlarının davamında həmin dövrü " Allaha əməldə təvəkkül", " Böyük qüdrətlərdən qorxamamaq" və "Allaha əməldə təvəkkül etməklə bütün çətinliklərin öhdəsindən gəlmək" dövrü adlandırıblar və deyiblər: İnkişafa doğru hərəkət edən hər bir cəmiyyət təbii olaraq maneələr və problemlər ilə üzləşir.
Həzrət Ayətullahülüzma Xamenei əlavə ediblər: Əgər bu ictimaiyyət mənəviyyata əsaslanan ideyalara, hegemonçuluğa qarşı düşüncələrə və maddiyyat əleyhinə təfəkkürə malik olarsa, heç şübhəsiz daha artıq maneələr ilə üzləşmiş olacaq. Buna görə də, belə bir cəmiyyətin Allaha əməldə təvəkkül etmək və maneələrin öhdəsindən gələcəyinə inam hissinə malik olması son dərəcə önəmlidir.
İslam İnqilabının Böyük Rəhbəri həmçinin deyiblər: Bu gün İran qarşısında duran bütün maneələrin öhdəsindən gəldiyini iddia edə bilər. Çünki, istənilən növ maneə və çətinliklərin öhdəsindən gələcək təcrübəyə sahibdir və bu təcrübə Müqəddəs Müdafiə dövründə əldə olunub.
İnqilab Rəhbəri Müqəddəs Müdafiə dövründə bütün qüdrətləri o cümlədən Amerika, NATO, Sovet İttifaqı və regionun irticaçı qüvvələri İran İslam Respublikası qarşısında dayandıqlarını deyərək, əlavə ediblər: Belə bir şəraitdə İran bütün bu qüdrətlərin öhdəsindən gəlməyi bacardı.