Noy 13, 2017 10:42 Asia/Baku
  • İnqilab Rəhbəri ölkə rəsmilərini zəlzələdə zərərçəkənlərə yardım etməyə səy göstərməyə səsləyiblər
    İnqilab Rəhbəri ölkə rəsmilərini zəlzələdə zərərçəkənlərə yardım etməyə səy göstərməyə səsləyiblər

İslam İnqilabının Böyük Rəhbəri İranın qərbində zəlzələnin baş verməsi, bir qrup insanın həyatını itirməsi və yaralanmasının ardınca müraciət ediblər.

Bazar günü gecə İranın qərbi habelə, İraqın bəzi şəhərlərində güclü yeraltı təkanlar qeydə alınıb. Rixter şkalası ilə 7.3 bal gücündə olan zəlzələ nəticəsində İranın qərbində indiyə kimi 141 nəfərin həyatını itirdiyi və 1684 nəfərin yaralandığı bildirilir. 

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei zəlzələnin ardınca etdikləri müraciətdə deyiblər: "Çox təəssüflər olsun ki, ölkənin qərbində bir qrup əziz vətəndaşımızın həyatını itirməsi və çoxlu sayda insanın da yaralanması habelə, böyük dağıntılar ilə yanaşı olan bir zəlzələnin baş verməsi ilə bağlı xəbərlər almışam. Ölkə rəsmilərinin üzərinə düşən vəzifə elə ilk saatdan etibarən var gücləri ilə zəlzələdən zərərçəkənlərə, xüsusilə də dağıntılar altında qalanlara yardım etmək, bütün mövcud imkanların səfərbər edilməsi yolu ilə, insan tələfatının artmasını önləməkdir."

Bütün silahlı qüvvələrin də xilasetmə əməliyyatlarına cəlb edilməsi barədə göstəriş verən İnqilab Rəhbərinin müraciətində deyilir: "Ordu, İslam İnqilabı Keşikçiləri Korpusu Sepah və "Bəsic" xalq könüllüləri nizamlı qaydada və tam sürətlə dağıntıların təmizlənməsi və yaralıların köçürülməsi əməliyyatına kömək etməlidirlər. Həmçinin, bütün hərbi və mülki dövlət orqanları var güclərini zərərçəkənlərə və onların ailələrinə yardım etmək üçün səfərbər etməlidirlər."

Zəlzələ nəticəsində İran xalqına başsağlığı verən və zərərçəkənlərin kədərini bölüşən İnqilab Rəhbərinin müraciətində deyilir: "Səmimi qəlbdən bu acı və müsibətli hadisəyə görə İran xalqına, xüsusilə Kermanşah ostanı əhalisinə və zərərçəkmişlərin ailələrinə başsağlığı verir və Allahdan bu acı və çətinliyi öz rəhmət və fəzli üçün əsas qərar versin və əziz xalqımızın səbr və dözümlülüyünü artırsın."

İnqilab Rəhbəri öz müraciətlərinin sonunda zərərçəkənlərə yardımla bağlı ölkə əhalisinə xitabən deyiblər: "Bu müsibətin ağrılarını azalda və dəymiş zərərlərin aradan qaldırılmasına kömək edə biləcək hər bir kəsi zərərçəkənlərə yardım etməyə səsləyirəm".

 

 

Teqlər