Qasemi: Fransa İranın raket proqramının müzakirə ediləsi olmadığını bilsin
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü müdafiə və raket proqramlarının həyata keçirilməsinin İranın haqqı olduğunu vurğulayaraq, deyib: Bu məsələlər müzakirə edilə bilməz.
Bəhram Qasemi bazar günü Fars xəbər agentliyi ilə müsahibədə Fransa prezidenti Emmanuel Makronun İranın raket proqramı ilə əlaqədar danışıqların aparılmasını istəməsi barədəki sözləri ilə bağlı söyləyib: Fransanın dövlət başçıları öz ifadələri və sözlərində məsələləri diqqət və daha artıq incəliklə analiz etməlidirlər, zira İran İslam Respublikası qəti şəkildə müdafiə və raket məsələlərini müzakirə etməyəcəkdir.
Makron son zamanlar Vaşinqtonun İran İslam Respublikasının müdafiə planlarının dayandırılması siyasəti çərçivəsində təklif etmişdi ki, İran ilə altılıq qrupu arasındakı nüvə anlaşması Tehranın raket proqramları məsələsini nəzərdən keçirməklə təkmilləşdirilsin.
İran İslam Respublikasının rəsmiləri dəfələrlə vurğulayıblar ki, İranın müdafiə, o sıradan raket proqramları Tehranın qırmızı xəttidir. Onlar habelə bildiriblər ki, İranın müdafiə və raket siyasətləri ölkəni müdafiə etmək, həmçinin regionda sülh, sabitlik və təhlükəsizliyə kömək etmək üçündür.
Amerikalılar İranın raket sınaqlarının BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə qarşı olduğunu iddia edirlər. Bu arada, Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsinin sözçüsü Nabila Massralı son zamanlar İranın raket sınaqlarının nüvə anlaşmasını pozmadığını vurğulayıbdır.