Zəngənə: ABŞ-ın nüvə anlaşmasından çıxması İranın neft ixracatına mənfi təsir göstərməyəcək
İran İslam Respublikasının neft naziri cümə axşamı gecə deyib: ABŞ-ın nüvə anlaşmasından çıxması İranın neft və qaz ixracatına habelə, bu ixracatdan əldə olunan gəlirlərinə mənfi təsir buraxmayacaq.
ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı bir daha İrana qarşı əsassız ittihamları təkrar edərək, Vaşinqtonun nüvə anlaşmasından çıxdığını və İrana qarşı nüvə sanksiyalarının 3-6 ay ərzində bərpa ediləcəyini bildirib.
Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Bijən Zəngənə İranın ikinci telekanalının xüsusi xəbər buraxılışına verdiyi müsahibədə İranın neftayırma zavodlarının inşasında əldə etdiyi uğurlara işarə edərək, deyib: Neftayırma zavodları üçün lazım olan təchizatların 65%-i ölkə daxilində istehsal edilir.
Zəngənə İranın benzin istehsalında da daxili tələbatı təmin həddinə çatdığını bildirib və deyib: Artıq heç kim İrana benzin sahəsində təzyiq göstərə bilməz.
İran İslam Respublikasının neft naziri Cənubi Pars qaz yatağının istismar layihəsi barədə də deyib: Ötən il bu qaz yatağında 6 platformanın istifadəyə verilməsi ilə 150 milyon kub metrlik istehsal gücü ölkənin ümumi qaz istehsalı həcminə əlavə olunub. Cari ildə isə daha 4 platformanın istifadəyə verilməsi ilə 100 milyon kubmetr şirin qaz istehsal ediləcək.
Cənubi Pars qaz yatağı dünyanın ən iri qaz yatağıdır və Fars körfəzində, İran və Qətər sularında yerləşir.
Zəngənə həmçinin, İranın illik qaz ixracatı həcminin 30 milyard kubmetr olduğunu xatırladıb və deyib: İran hazırda Türkiyə, İraq, Ermənistan və Azərbaycana qaz ixrac edir.