"Səhənd" esminesi İran ordusu Dəniz Qoşunlarının hərbi dəniz donanması sırasına qatıldı
İran İslam Respublikası ordusunun ən modern esminesi olan "Səhənd" esminesi bu gün İran ordusu Dəniz Qoşunlarının hərbi dəniz donanmasına qoşulub.
İRİB-nin verdiyi məlumata görə, "Səhənd" esminesi İran ordusu Dəniz Qoşunlarının mütəxəssisləri tərəfindən düzəldilib və müxtəlif növlü silahlar ilə təchiz edilməyə qadirdir. "Səhənd" esminesi həmçinin, düşmən lokatorlarının diqqətindən yayınmaq və onları aldatmaq potensialına da malikdir.
"Səhənd" esminesinin ağırlığı 1300 tondur. Uzunluğu 96 metr olan bu esminesin sürəti isə saatda 29 dəniz milinə bərabərdir. "Səhənd" esminesi tədarükat gəmiləri ilə birlikdə 150 gün müddətinə okean sularında üzməyə qadirdir.
"Səhənd" esminesi lokatorlardan yayınmaq xüsusiyyətinə malikdir. Bu esmines sualtı qayıqlar əleyhinə təchizatlar ilə də təmin edilib. Yer-yer və yer-hava raketləri ilə təchiz edilmiş bu esmines müxtəlif çaplarda olan toplara da malikdir.
Ötən cümə axşamı (29 noyabr) da "Qədir" klasına aid olan iki ədəd sualtı qayıq İran ordusu Dəniz Qoşunlarının istifadəsinə verilib.