Zərif ABŞ-ın region və dünyada yürütdüyü siyasətləri tənqid etdi
İran İslam Respublikasının xarici işlər naziri bir daha Birləşmiş Ştatların dünyada və məntəqədə yürütdüyü siyasətləri tənqid etdi.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar günü öz şəxsi Tvitter səhifəsində yazıb: "İrana qarşı sanksiyalar heç vaxt təsirli olmayıb. İranın düşmənləri adi insanların zərər çəkməsinə səbəb olurlar, amma, siyasəti dəyişə bilmirlər. ABŞ-ın öz mövqeyini 180 dərəcə dəyişməsi İran ilə Avropa arasındakı müzakirələrdə irəliləyişin əldə edilməsinə səbəb oldu. Bu gün də həmin aktivlik müşahidə edilir."
İranın xarici işlər naziri Doha iclasının kənarında Tvitterdə paylaşdığı yazıda əlavə edib: "İran və 3 Avropa ölkəsi üstə gəl 2 qrupu (E3+2) ilə müzakirə halındadır. Amerika isə kənara çəkilərək, düşmənçilik və xaos yaratmaq istəyirdi."
İran İslam Respublikasının xarici işlər naziri Beynəlxalq Doha Forumunda iştirak etmək üçün Qətərə səfər edib.
Zərif Qətərə olan səfəri çərçivəsində bu ölkənin baş naziri Şeyx Abdullah Bin Nasir Ali Sani və xarici işlər naziri Məhəmməd Bin Əbdürrəhman Ali Sani ilə də görüşüb danışıqlar aparıb.
İranın xarici işlər naziri həmçinin, Doha iclasında iştirak edən türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə də görüşüb, danışıqlar aparıb.
"Bir-birinə bağlı olan dünyada siyasətin formalaşması" adı altında keçirilən İki günlük Doha iclası təhlükəsizlik, sülh və vasitəçilik, iqtisadi inkişaf və siyasi hadisələrin gedişi mövzularına köklənmişdi.