İran və Yaponiyanın yüksək səviyyəli heyətlərinin birgə mətbuat konfransı
İran islam Respublikası prezidenti Tehran-Tokio münasibətlərinin genişlənməsi və dərinləşməsini alqışlayaraq, deyib: İran islam Respublikası əməkdaşlıqların xüsusən iqtisadi sahədə və iki ölkə maraqları əsasında genişlənməsini istəyir.
Həsən Ruhani dünən gecə Tehranda İran və Yaponiyanın yüksək səviyyəli heyətlərinin birgə mətbuat konfransında Yaponiya baş nazirinin və onu müşayiət edən heyətin Tehranda olmasını rəğbətlə qarşılayıb.
O, deyib: İran islam Respublikası Yaponiya ilə münasibətlərin genişlənməsinə böyük önəm verir. Ümid edirik ki, bu səfər Tehran-Tokio münasibətlərində bir kulminasiya nöqtəsi olacaq.
İran prezidenti həmçinin nüvə anlaşması məsələsinə toxunub. O, bildirib ki, bütün ölkələr nüvə anlaşması və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi qarşısında müəyyən vəzifələrə malikdirlər. Ruhani ümidvarlıq edib ki, Yaponiya da bu sahədəki məsuliyyətlərini icra edəcək.
“Əgər İranın terrorizmlə mübarizə sahəsindəki addımları olmasaydı, terror qrupları, o cümlədn İŞİD bütün regionu böhrana qərq etmiş olardı”-deyə Ruhani sözlərinə davam edib.
O, qeyd edib ki, regionun təhlükəsizliyi məsələsi İran islam Respublikası üçün önəmlidir.
Ölkə prezidenti vurğulayıb: İran islam Respublikası Amerika daxil olmaqla heç bir ölkə ilə gərginlik və savaş niyyətində deyil, amma əgər təcavüzə məruz qalarsa, İranın cavabı dağıdıcı və peşmanedici olacaqdır.
Ruhani söyləyib: Əgər hamı bölgənin təhlükəsizliyi , bölgədə gərginliyin azaldılması, sülh və sabitliyin qurulmasında maraqlıdırsa, İrana qarşı iqtisadi sanksiyalara son qoyulmadlıdır. Sanksiyaların bitməsilə bölgədə yeni münasibətlər müşahidə olunacaq.
“İran xalqı Amerika hökumətinin hərəkətlərindən və zalımcasına iqtisadi təzyiqlərindən əsəbidir”-deyən İran prezidenti xatırladıb: Amerikalılar bilsinlər ki, əgər bir dövlət və ya bir ordu ilə savaşın qələbə imkanı varsa, bir xalq ilə müharibə, mütləq uğursuzluğa məhkumdur.
Yaponiyanın baş naziri Şinzo Abe də bildirib ki, nüvə anlaşmasının qorunması, ikitərəfli və beynəlxalq əlaqələrdə etimadın inkişafı üçün vacib bir elementdir.
O, vurğulayıb ki, Yaponiya nüvə anlaşmasının qorunub saxlanılması üçün bir çox səylər və həmkarlıqlar göstərib və bundan sonra da göstərəcəkdir.
Amerikanın sanksiyasının İran-Yaponiya iqtisadi və maliyyə əlaqələrinə təsirinə işarə edən Şinzo Abe deyib ki, bu ölkə İranla iqtisadi əlaqələri və İrandan neft alqısını qorumaq və genişləndirmək arzusundadır.