Qonşularla əlaqələrin genişləndirilməsi İranın xarici siyasətinin əsas prinsiplərindəndir
İran prezident administrasiyasının başçısı dünən gecə Azərbaycan Respublikasının baş nazir müavini Şahin Mustafayevlə telefonla söhbət edib.
SəhərAzəri xəbər verir, Mahmud Vaezi bu telefon söhbətində müxtəlif sahələrdə iki ölkə əlaqələrinin genişləndirilməsi istiqamətində səylərin göstərilməsi vacibliyinə toxunub. Deyib ki, qonşularla əlaqələrin genişləndirilməsi İranın xarici siyasətinin əsas prinsiplərindən sayılır.
Vaezi vurğulayıb ki, İran hərtərəfli Tehran-Bakı münasibət və əməkdaşlıqlarını daha da genişləndirmək, gücləndirmək və möhkəmləndirməyə hazırdır.
Vaezi həmçinin Ermənistan-Azərbaycan Respublikası sərhədində son vaxtlar baş verən döyüşlərdə Azərbaycan Respublikası əsgərlərindən bir neçəsinin öldürülməsindən təəssüf ifadə edib. O, bu ölkənin hökuməti və xalqının kədərinə şərik çıxaraq, deyib: Azərbaycan Respublikası da daxil olmaqla ölkələrin ərazi bütövlüklərinin qorunması İran İslam Respublikasının regional strategiyası olub və olacaqdır da.
Tehranın daima problem və ixtilafların müzakirə və siyasi həll yolları vasitəsilə çözülməsinə təkid etdiyini vurğulayan İran prezident administrasiyasının başçısı ümidvarlıq edibdir ki, Ermənistan ilə Azərbaycan Respublikası arasında yaranmış problem, gücdən istifadə edilmədən öz həllini tapacaqdır.
Şahin Mustafayev də bu telefon söhbətində İranın dövləti və xalqının yuxarıda qeyd olunan hadisə ilə bağlı Azərbaycan Respublikasının hökuməti və xalqı ilə həmdərdlik ifadə etmələrinə görə təşəkkür edib. Bildirib ki, İranın Azərbaycan Respublikası da daxil olmaqla ölkələrin ərazi bütövlüklərinin qorunması üzrə mövqeyi daima hörmətlə qarşılanıbdır.
Azərbaycan Respublikasının baş nazir müavini həmçinin İranın hərtərəfli münasibət və əməkdaşlıqların genişləndirilməsinə ciddi-cəhd etməsini yüksək qiymətləndirib. O, iki ölkə rəsmilərinin bu istiqamətdə daha artıq səy göstərmələri vacibliyini də vurğulayıb.