İran və Azərbaycan Respublikasının energetika nazirləri videoformatda görüş keçiriblər YENİLƏNİB
İranın energetika naziri Rza Ərdakanian ilə Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov arasında videoformatda görüş keçirilib.
SəhərAzəri xəbər verir, Görüşdə elektroenergetika sahəsində iki və üçtərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər müzakirə edilib.
Görüşdə həmçinin elektroenergetika sahəsində hazırda iki ölkə tərəfindən birgə həyata keçirilən layihələr üzrə görülən işlərə və növbəti icra prosesləri ilə bağlı mövqeyə nəzər salınıb.
“Azərenerji” ASC ilə İranın “Təvanir” şirkəti arasında imzalanmış “Elektrik enerjisinin alqı-satqı müqaviləsi”nin müddətinin 2020-ci ilədək uzadılması bu sahədə əməkdaşlığı dəstəkləyən addım kimi qiymətləndirilib. Görüşdə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları, eləcə də “Ordubad” Su Elektrik Stansiyası layihələrinin icra vəziyyəti müzakirə edilib. Bu layihələr üzrə işlərin sürətləndirilməsinin vacibliyi vurğulanıb, müvafiq texniki komissiyaların iclaslarının yaxın vaxtlarda keçirilməsi qərara alınıb. İranla sərhəd ərazidə elektrik enerjisi stansiyasının tikintisi layihəsi ilə bağlı da müzakirələr aparılıb. Rusiya-Azərbaycan-İran enerji dəhlizinin yaradılmasının hər iki ölkə üçün əhəmiyyəti qeyd edilib. Bildirilib ki, Azərbaycan, İran və Rusiyanın elektrik şəbəkələrinin əlaqələndirilməsi üzrə texniki-iqtisadi əsaslandırmanın Konsaltinq və Mühəndislik şirkəti tərəfindən hazırlanmasına dair hər üç ölkənin müvafiq razılıqları əldə edilib. Görüşdə, həmçinin Azərbaycan, İran və Türkiyə arasında elektrik enerjisi əməkdaşlığının perspektivlərinə də toxunulub. Bütün məsələlər üzrə təmasların intensiv səkildə davam etdirilməsi məqsədəuyğun hesab edilib.