Xətibzadə: "Cənubi Koreyanın tankerin saxlanılmasına münasibəti qəbul edilməzdir"
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Fars körfəzində Cənubi Koreyaya məxsus tankerin saxlanılmasının tamamilə texniki məsələ olduğunu bir daha vurğulayaraq, qeyd edib ki, Cənubi Koreya hökumətinin bu mövzuda davranışı anlaşılmazdır və rədd edilir".
SəhərAzəri Təsnim-ə istinadən xəbər verir ki, Səid Xətibzadə Cənubi koreyanın saxlanılan tankerinin son vəziyyəti ilə bağlı jurnalistlərin sualını cavablandırarkən,
deyib: "Daha əvvəl də bildirildiyi kimi, Koreya gəmisinin problemi tamamilə texniki xarakter daşıyır və İran İslam Respublikası da bütün ölkələr kimi dəniz mühitinin qorunmasına tam həssasdır və qanunlara uyğun olaraq pozuntu hallara qarşı ölçü götürür".
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi
Xətibzadə Cənubi Koreya hökumətinin bu mövzuda davranışının anlaşılmaz və qəbul edilməz olduğunu bəyan edərək, əlavə edib: "İran Koreya hökumətini bu texniki məsələ ilə rasional və məsuliyyətli davranmağa çağırır".
Xətibzadə daha sonra izah edib ki, İran İslam Respublikasının Limanlar və Dənizçilik Təşkilatı bu kimi məsələlərdə məsul qurum olaraq, peşəkar şəkildə gəmiyə və heyətinə lazımi köməkliyi göstərir və bu mövzuda lazımi məlumatları verir.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü, Cənubi Koreyadan bir nümayəndə heyətinin bu mövzunu izləmək üçün İrana səfəri ilə bağlı yayımlanan xəbərlər barədə də bildirib: "Cənubi Koreyanın xarici işlər nazirinin müavininin Tehrana səfəri öncədən planlaşdırılmışdı ki, bununla bağlı məlumat verilib və yaxın gələcəkdə reallaşacağı gözlənilir, lakin bunun bu məsələ ilə heç bir əlaqəsi yoxdur və iki ölkə arasında ayrıca bir səfər üçün razılaşma yoxdur, çünki əsasən bu məsələ texniki formatda və müəyyən edilmiş hüquqi çərçivədə irəliləyir və diplomatik səfər tələb etmir".
Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələri bazar ertəsi günü Fars körfəzində Cənubi Koreyaya məxsus tankeri dənizi çirkləndirdiyi və xəbərdarlıqlara məhə qoymadığı üçün saxlayıb.
İranın cənubunda Hörmüzgan vilayətinin Limanlar və Dənizçilik üzrə Baş İdarəsinin direktor müavini İsmayıl Məkizadə, Cənubi Koreya tankerinin məhkəmə orqanının əmri ilə SEPAH-ın dəniz donanması tərəfindən saxlanıldığını və qanuni prosedurların keçirilməsi və lazımi araşdırmalar üçün Bəndər Abbas limanına göndərildiyini açıqlayıb.