Fev 18, 2021 22:38 Asia/Baku
  • Ruhani:

İran prezidenti Avropa Şurasının ümumi siyasi istiqamətlərin müəyyən edilməsindəki rolunun əhəmiyyətinə işarə edərək, deyib: "Avropa İttifaqı, qlobal arenada əhəmiyyətli bir oyunçu olaraq ABŞ-ın tək tərəfliliyinə qarşı uyğun bir rol oynamalıdır."

SəhərAzəri xəbər verir, bu gün axşam saatlarında İran İslam Respublikası prezidenti Həsən Ruhani ilə Avropa Şurasının sədri Şarl Mişel arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı Həsən Ruhani nüvə anlaşmasını çoxtərəfli diplomatiyanın ən mühüm nailiyyəti kimi dəyərləndirib və belə bir nailiyyətin asanlıqla məhv edilməsinə imkan verməməli olduqlarını vurğulayaraq, əlavə edib: "Avropa İttifaqının Xarici Siyasət üzrə Ali Nümayəndəsi, nüvə anlaşmasının koordinatoru olaraq, addımların dizaynında rol oynaya bilər".

Ruhani, region və dünyanın iki ən mühüm problemi olan terrorizm və ekstremizmə qarşı mübarizənin vacibliyini vurğulayaraq, qeyd edib ki, beynəlxalq arenada son inkişafları və ölkələr arasında əməkdaşlıqların genişləndirilməsi üçün yeni imkanların yaranmasını nəzərə alaraq, Avropa Birliyi-İran münasibətləri öz əsas mövqeyinə qayıtmalıdır.

İran İslam Respublikası prezidenti general Süleymaninin şəhid edilməsindən sonra İŞİD-in regionda yenidən güclənməsindən narahatlıq ifadə edərək, regionda xarici qüvvələrin mövcudluğunu gərginlik amili kimi xarakterizə edib və təhlükəsizlik, sülh və sabitliyin region ölkələri vasitəsilə təmin olunmasının zəruriliyini vurğulayıb.

Avropa Şurasının sədri Şarl Mişel də bu telefon əlaqəsində, ABŞ-ın nüvə anlaşmasından birtərəfli qaydada çıxmasından sonra Avropa Birliyinin onu dəstəklədiyinə toxunaraq, beynəlxalq bir razılaşma olaraq, onun qorunması və bütün tərəflər tərəfindən tam şəkildə həyata keçirilməsinin vacibliyini qeyd edib.

Şarl Mişel əlavə edib: "Beynəlxalq arenada yaradılan yeni şərtlər və ABŞ-da hökumət dəyişikliyi nəzərə alınaraq, yaranan fürsətdən istifadə edərək, Əhatəli Müştərək Təşəbbüs Proqramının bütün tərəflər tərəfindən qorunması və tam həyata keçirilməsi üçün çalışırıq və Avropa Birliyi bu sahədə öz rolunu ifa edəcəkdir".

ABŞ-ın iqtisadi sanksiyaları səbəbindən İran üçün yaranan problemlərə toxunan Avropa Şurasının sədri vurğulayıb: "Təbiidir ki, İran nüvə anlaşmasının iqtisadi məziyyətlərindən faydalanmalıdır".

Teqlər