İran ilə Avrasiya Birliyi arasında ticarət mübadilələri artıb
İran xarici işlər nazirinin iqtisadi diplomatiya məsələləri üzrə müavini İran ilə Avrasiya Birliyinə üzv ölkələrin ticarət mübadilələrinin artmasından xəbər verib.
SəhərAzəri xəbər verir, Seyyed Rəsul Mohacer deyib: Koronavirusun yayılmasına görə, bir çox ölkələrin iqtisadi inkişafı durğunluqla üzləşib, lakin İranın Avrasiya Birliyinə üzv ölkələrlə ticarət əlaqələri inkişaf edibdir.
O, Avrasiya Birliyinə üzv ölkələrin dövlət başçılarının İran İslam Respublikası ilə azad ticarət razılaşması üzrə qərarından xəbər verib və belə qeyd edib: İranın azad ticarət razılaşmasının icra edilməsi üçün bu birliyə üzv ölkələrlə müzakirələri tezliklə başlanacaq.
İran xarici işlər nazirinin iqtisadi diplomatiya məsələləri üzrə müavininin dediyinə görə, mübadilə edilən siyahılara əsasən, İran ilə Avrasiya Birliyinə üzv ölkələr arasında azad tariflər bərqərar ediləcək.
Avrasiya iqtisadi birliyinin təşkili üzrə müqavilə 2014-cü il mayın 29-da Rusiya, Belarus və Qazaxıstan arasında imzalandı və bu birlik Avrasiya gömrük birliyinin yerini tutdu. Sonra Ermənistan və Qırğızıstan da ona üzv oldular.