Apr 27, 2021 17:05 Asia/Baku
  • Zərif İraqın tanınmış şiə siyasi xadimləri ilə görüşüb

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Bağdadda İraqın nüfuzlu şiə məzhəbli siyasi liderləri və şəxsiyyətləri ilə görüşüb.

SəhərAzəri xəbər verir ki, bazar ertəsi axşam saatlarında baş tutan bu görüşdə Milli Hikmət Hərəkatının lideri Seyyid Əmmar Həkim və İraq Ali Məclisinin lideri Şeyx Həmud Həmmam kimi İraqın nüfuzlu şiə qruplarının rəhbərləri iştirak edib.

Görüşdə, İraqın üç keçmiş baş naziri Nuri əl-Maliki, Adil Əbdül-Mehdi və Heydar Əl-İbadi və xanım Hənnan Əl-Fətlavi də iştirak ediblər.

Əl-Fətlavi Babil vilayətindəndir və "İraqın İradəsi Hərəkatı"nın rəhbəridir. Bu təşkilat parlamentdə bir neçə yerə sahibdir. O, siyasi bir təşkilata rəhbərlik edən yeganə iraqlı qadındır və bundan əvvəl də xalqın geniş  dəstəyi ilə millət vəkili olub.

İraq hökumətinin sabiq rəsmisi və cihadi liderlərdən olan Hadi Əl-Amiri də İranın xarici işlər naziri Zəriflə görüşdə iştirak edib.

Bazar ertəsi günü İraqın siyasi rəsmiləri, o cümlədən bu ölkənin prezidenti, baş naziri, parlament sədri və xarici işlər naziri ilə görüşlər keçirən Zərif, Xəmis Əl-Xəncər də daxil olmaqla İraqın sünni məzhəbli köçəri tayfalarının digər siyasi liderləri və başçıları ilə də görüşüb.

Zərif bu gün çərşənbə axşamı İraqın akademik simaları ilə görüşdən sonra İraq Kürdüstanı bölgəsinin rəsmiləri ilə də görüşəcək.

Teqlər