İranda Müqavimət, Fədakarlıq və Qələbə Günü – TƏHLİL
Xürrəmşəhrin azad edilməsinin ildönümüdür
İranda mayın 24-ü, Xürrəmşəhrin İraq Bəəs rejiminin işğalından azad edilməsinin ildönümü qeyd olunur.
SəhərAzəri-nin məlumatına əsasən, 40 il bundan əvvəl 1982-ci ildə mayın 24-də İran İslam Respublikasının cənub-qərbində Xürrəmşəhr düşmənin işğalından azad olundu.
İran təqvimində bu gün Müqavimət, Fədakarlıq və Qələbə Günü adlandırılır.
Xürrəmşəhrin azad olunması qəhrəmanlığı bütün cəhətlərdən, həm hərbi qəhrəmanlıq, həm də mədəni baxımdan İran İslam İnqilabı tarixində dönüş nöqtəsidir.
Xürrəmşəhr İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin gözəl limanlarından biridir və Fars körfəzinin şimal-qərbində Karun və Ərvənd çaylarının qovşağında yerləşir. 1980-ci il noyabrın 25-də Səddam rejiminin işğal etdiyi liman şəhəri 578 gün sonra şərəfli bir əməliyyatla azad edildi.
Xürrəmşəhr İrana hücumun əvvəlindən Səddam ordusunun işğal etdiyi ən mühüm şəhər olduğundan, bu şəhərin qorunub saxlanması Səddam rejimi üçün çox vacib idi, o dərəcədə ki, Səddam qürurla iddia edirdi ki, əgər Xürrəmşəhr geri alınarsa, İraqın cənubundakı strateji Bəsrəni iranlılara təqdim edəcəkdir, lakin İraq diktatoru öz sözünü tutmadı və dünya hərbi ekspertlərinin təəccübü qarşısında İraq ordusunun mövqeləri ələ keçirildi.
İmam Xomeyni həzrətləri o zaman Xürrəmşəhrin azad edilməsi münasibətilə İran xalqına müraciət etdi və şəhərin Allah tərəfindən azad edildiyini vurğuladı.
İslam İnqilabının Aliməqamlı Rəhbəri Həzrət Ayətullahül-uzma Xamenei isə bu günün haqqında belə deyir: İran qoşunları öz güclərinə arxalanaraq və Uca Allaha təvəkkül edərək hərəkətə keçdikdə, dünyada heç kim Xürrəmşəhri azad edə biləcəklərinə inanmırdı; Amma bu, mümkün oldu. Biz Xürrəmşəhri geri aldığımızı elan edəndə dünya xəbər agentlikləri bir-iki gün xəbəri işıqlandırmaq üçün hazır deyildilər - onlar buna şübhə ilə baxırdılar - amma belə oldu və sonda hamı bu qələbəni etiraf etmək məcburiyyətində qaldı.
Beləliklə də Xürrəmşəhr azad edildi və döyüşçülərin və İran xalqının Müqəddəs Müdafiəsində və zəfər salnaməsində xalqın qələbə və birlik və həmrəyliyinin xatirəsi bu diyarın tarixində şanlı bir dastan kimi əbədiləşdirildi.
Bu gün İslam dünyasının bir-çox yerində işğala qarşı mübarizədə iranlıların qazandığı təcrübələr əxz olunaraq öz nəticələrini ortaya qoyur və İran döyüşçülərinin qəhrəmanlığı işğalla mübarizə aparan xalqlar üçün ilham mənbəyinə çevrilmişdir.