İyun 03, 2022 19:42 Asia/Baku
  • İranın TŞ-nin sionistlərin cinayətləri qarşısında passivliyini qınayıb

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi deyib: Təhlükəsizlik Şurasının müharibə cinayəti və insanlığa qarşı cinayət hesab olunan sionist rejimin Fələstin xalqına qarşı davamlı, sənədləşdirilmiş və danılmaz cinayətləri qarşısında susması şuranın məsuliyyətsizliyinin və passivliyinin bariz nümunəsidir”.

SəhərAzəri-nin məlumatına əsasən, Məcid Təxti Rəvançi BMT Təhlükəsizlik Şurasında beynəlxalq hüququn ciddi şəkildə pozulması hallarına görə hesabatlılığın və ədalətin gücləndirilməsinə dair açıq debatda çıxışı zamanı İsrail rejiminin Fələstin xalqına qarşı davam edən cinayətlərinə toxunaraq, deyib: "Təhlükəsizlik Şurasının sionist rejimin Fələstin xalqına qarşı davamlı, sənədləşdirilmiş və danılmaz cinayətləri qarşısında susması şuranın məsuliyyətsizliyinin və hərəkətsizliyinin bariz nümunəsidir".

O, bu cür cinayətləri müharibə cinayəti və insanlıq əleyhinə cinayət kimi xarakterizə edib.

İranın baş diplomatı vurğulayıb: "Beynəlxalq hüququn əsas qaydasını təşkil edən prinsip və qaydaların ciddi şəkildə pozulması qarşısında hesabatlılıq beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında mühüm elementdir. Eyni zamanda dövlətlərin beynəlxalq hüquqa riayət etmək və cinayətlərin törədilməsinin qarşısını almaq üçün də hüquqi öhdəlikləri var".

Təxti Rəvançi daha sonra deyib: "Birtərəfli sanksiyalar bəzi ölkələrin mülki insanları aclıqdan öldürmək üçün istifadə etdiyi müharibə üsuludur. Bu qeyri-qanuni hərəkətlər beynəlxalq hüququn və BMT Nizamnaməsinin pozulması deməkdir".

İranın BMT-dəki daimi nümayəndəsi və səfir ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara toxunaraq, deyib: "40 ildən artıqdır ki, İran ABŞ-ın ən ağır iqtisadi və maliyyə sanksiyalarına məruz qalıb. Bu qeyri-qanuni hərəkətlər İranın ən həssas qruplarının, xüsusən də uşaqların, qocaların və xəstələrin həyatını birbaşa təhlükə altına qoyur". 

İranlı diplomat Beynəlxalq Ədalət Məhkəməsinin ABŞ-a qarşı qərarına toxunaraq, deyib: "2018-ci il 3 oktyabr tarixində Beynəlxalq Ədalət Məhkəməsi yekdilliklə Vaşinqtondan İran İslam Respublikasına humanitar malların idxalına qarşı hər hansı sanksiyaları aradan qaldırmağı tələb edən müvəqqəti tədbirlər haqqında qərar çıxardı. Təəssüf ki, Birləşmiş Ştatlar nəinki Məhkəmənin qərarını yerinə yetirmədi, həm də xüsusilə də COVID-19 pandemiyası zamanı əlavə sanksiyalar tətbiq etməklə ona qarşı çıxdı". 

Teqlər