İyun 15, 2022 11:04 Asia/Baku
  • Rəisi Pakistanla hərtərəfli əməkdaşlığın genişləndirilməsini vurğulayıb

Pakistanla hərtərəfli əməkdaşlığı genişləndirməyə hazırıq. Bu sözləri İran prezidenti vurğulayıb. Bildirib ki, İran İslam Respublikasının Pakistanın neft, qaz və elektrik enerjisi də daxil olmaqla, müxtəlif sahələrdə olan tələbatını təmin etmək üçün lazımi imkanları var.

SəhərAzəri-nin məlumatına əsasən, Ayətullah Seyid İbrahim Rəisi dünən axşam Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari ilə görüşdə əsrlər boyu ürək və iman əlaqələrində kök salmış iki xalqın dərin əlaqələrinə işarə ilə İran və Pakistan xalqlarını nəinki qonşu, həm də bir-birinin qohumu adlandırıb.

İran prezidenti əlavə edib: İmam Rza (ə)-ın ziyarətgahına gələn xarici zəvvarların əksəriyyəti pakistanlıdır. Onların Əhli-Beyt(ə)-ə olan sevgiləri dillər əzbəridir. Elə bu məsələ, iki xalqın bir-birinə yaxınlaşması zəminlərindən biridir.

İran İslam Respublikasının Pakistanla əlaqələri genişləndirmək üçün heç bir məhdudiyyətə malik olmadığını vurğulayan Rəisi söyləyib: Pakistanla hərtərəfli əməkdaşlığı genişləndirilməyə hazırıq. İran İslam Respublikası Pakistanın neft, qaz və elektrik enerjisi də daxil olmaqla, müxtəlif sahələrdə olan tələbatını təmin etmək üçün lazımi imkanlara malikdir.

Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari də İrana səfərindən məmnun qaldığını bildirib və belə söyləyib: Mən Pakistanın övladı olduğum qədər də İranın övladıyam.

İran elektrik enerjisinin Pakistana ixracına görə təşəkkür edən Pakistanın xarici işlər naziri bildirib: Biz təhlükəsizlik, ticarət və energetika sahələri üzrə keçmiş danışıqları təkmilləşdirməyə və nəticəyə çatdırmağa tam hazırıq.

Zərdari həmçinin pakistanlıların İmam Rza (ə)-a olan böyük hörmətinə işarə ilə ölkəsinin bu ölkə zəvvarlarının müqəddəs Məşhəd şəhərinə səfər məsələlərini asanlaşdırmaq üzrə plan və tədbirlərinə təkid edib.

Pakistanın xarici işlər naziri İranın prezidenti, xarici işlər naziri və yol və şəhərsalma naziri ilə rəsmi görüşlərindən sonra bu gün dünya şiələrinin səkkizinci imamı Saminülhöcəc Həzrət İmam Rza(ə)-ın Məşhəd şəhərindəki ziyarətgahına gedəcək.

Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyanın dəvəti və iki qonşu və dost ölkə olan İran və Pakistan arasında diplomatik münasibətlərin qurulmasının yetmiş beşinci ili münasibəti ilə İrana səfər edib.

 

Teqlər