Rusiyanın XİN başçısı İranı dəstəklədi
"İranla nüvə sazişi heç bir əskiklik olmadan bərpa edilməlidir"
Rusiyanın xarici işlər naziri bəyan edib ki, İranla nüvə sazişi heç bir əskiklik və əlavələr olmadan bərpa edilməlidir.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir-Abdullahiyanla birgə Tehranda keçirilən mətbuat konfransında deyib: “İranla nüvə sazişi 2015-ci ildə əldə edildiyi kimi bərpa və icra edilməlidir.”
Rusiya XİN rəhbəri nüvə sazişinin bərpası istiqamətində nəzərdə tutulan danışıqların vəziyyətinə aydınlıq gətirib. "Nüvə sazişinə zidd olan sanksiyalar ləğv edilməlidir və biz ümidvarıq ki, Vaşinqtonun bu məsələdə məntiqli və düzgün mövqeyi olsun", deyə Lavrov əlavə edib.
İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan da deyib: "Biz İranla Rusiya arasında hərtərəfli və uzunmüddətli əməkdaşlıq sazişini müzakirə etdik. Ümid edirəm ki, Amerika tərəfinin reallıqları dərk etməsi ilə biz yaxın vaxtlarda Vyanada sanksiyaların ləğvi ilə bağlı razılığa gələ biləcəyik."
Əmir-Abdullahiyan həmçinin Rusiyanın İran İslam Respublikasının maraqları və mövqeləri üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki fəaliyyətini yüksək qiymətləndirib.
İranın xarici işlər naziri ABŞ-ın İran İslam Respublikasına qarşı tətbiq etdiyi yeni sanksiyalara toxunaraq deyib: "İran hökumətinin prioriteti iqtisadi, ticarət, elmi, mədəni, müdafiə, turizm və digər məsələlərin inkişafında qonşu yönümlü olmaqdır. Bu istiqamətdə Rusiya da daxil qonşu ölkələrlə əlaqələr inkişaf etdiriləcək."
O söhbətinin sonunda İran və Rusiyanın birtərəfli Qərb sanksiyalarına qarşı birgə planlarına, xüsusilə də son Ukrayna böhranının yaratdığı yeni qlobal problemlərə və ərzaq təhlükəsizliyi məsələlərinə toxunaraq deyib: "Biz müharibənin əleyhinə olduğumuz kimi, ölkələrə, o cümlədən Rusiyaya qarşı qeyri-qanuni sanksiyaların tətbiq edilməsinin əleyhinəyik."