İran və Türkmənistan prezidentləri görüşüblər
Rəisi: İran Türkmənistan qazının Azərbaycana nəqlini artırmağa hazırdır
İran İslam Respublikasının prezidenti Türkmənistan prezidenti ilə görüşdə bu ölkə qazının Azərbaycana nəqlini artırmağa Tehranın hazır olduğunu bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi türkmən liderin diqqətinə çatdırıb ki, Azərbaycan Respublikası tərəfinin istəyini nəzərə alaraq İran Türkmənistandan Azərbaycana svop yolu ilə nəql edilən qazın miqdarını artırmağa hazırdır.
Xatırladaq ki, tərəflər birinci Aşqabad görüşündə qazın mübadiləsi barədə razılıq əldə edib, ötən ay isə svop yolu ilə nəql edilən qazın ikiqat artırılması barədə anlaşma əldə olunub.
İran prezidenti həmçinin Türkmənistanla imzalanmış müqavilələrin icrasından, iki ölkə arasında əməkdaşlığın potensialının yüksək olmasından danışıb. "Tehran və Aşqabad arasında əlaqələr qonşuluq münasibətlərinin inkişafı və qarşılıqlı etimadəsasında sürətlə genişləndirilir. Bununla əlaqədar işgüzar vizaların verilməsinin asanlaşdırılması və iki ölkənin iş adamlarının səfərlərinin artırılması ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsi və həcminin artırılması üçün möhkəm zəminlər yaradacaq", - deyə cənab Rəisi vurğulayıb.