İran və Yaponiya arasında mədəni əlaqələrin inkişafında Təbrizin tarixi potensialı vurğulanıb
Təbrizdə İran və Yaponiya arasında mədəni və bədii ünsiyyət imkanlarının araşdırılmasına həsr olunmuş görüş keçirilib. İclasda Tokio Universitetinin memarlıq və incəsənət professoru və Yaponiya memarlıq departamentinin direktoru professor Riiçi Miyake də çıxış edib.
SəhərAzəri-nin məlumatına əsasən, Tokio Elmlər Universitetinin memarlıq və incəsənət professoru, professor Riiçi Miyake İran və Yaponiya arasındakı əlaqələrin uzun keçmişinə toxunaraq, deyib: "Öz fərdi müşahidələrimə əsasən, 1970-ci ildə dəyişiklik olduqca aydın olub və iki ölkə arasında münasibətlər arzuolunan səviyyədədir".
Professor bəzi iranlı şəxsiyyətlərin yapon ədəbiyyatındakı mövqeyinə işarə edərək, əlavə edib: "Yapon ədəbiyyatında iranlılardan çoxlu söz açılıb və biz incəsənətdən istifadə edərək və sənət adamları vasitəsilə iki ölkə arasındakı ortaq mədəni məqamları göstərməyə çalışırıq".
Professor Riiçi Miyake Təbrizin tarixi-mədəni xüsusiyyətlərini və onun mədəniyyət ocaqlarını İran və Yaponiya arasında mədəni və bədii əlaqələrin genişləndirilməsi üçün yaxşı fürsət hesab edib.
Tokio Elmlər Universitetinin memarlıq və incəsənət professoru vurğulayıb ki, Təbriz şəhərinin tarixi və mədəni keçmişini nəzərə alaraq, İran və Yaponiya arasında mədəni əlaqələrin Təbrizdən başlanması böyük əhəmiyyət kəsb edəcək.