Rəisi: Heç kimin İran xalqı ilə güc dili ilə danışmağa haqqı yoxdur
İran İslam Respublikası prezidenti bəyan edib ki, İran öz haqlı və məntiqli mövqelərindən geri çəkilməyəcək və heç kimin İran xalqı ilə güc dili ilə danışmağa haqqı yoxdur.
SəhərAzəri-nin məlumatına əsasən, Nazirlər Kabinetinin iclasında çıxış edən Seyid İbrahim Rəisi ABŞ rəsmilərinin nüvə anlaşması ilə bağlı son iddialarına reaksiyada deyib: "Amerikalılar deyirlər ki, İran Nüvə Razılaşmasına qayıtmalıdır, halbuki İran heç vaxt nüvə sazişindən çıxmayıb. Razılaşın və öhdəliyini pozan ABŞ olubdu".
Rəisi ABŞ-ın Xarici İşlər Nazirliyinin sözçüsünün İrana qarşı təzyiqlərin heç vaxt nəticə vermədiyi və biabırçı şəkildə iflasa uğradığı barədə açıqlamalarına toxunaraq, amerikalılara İran xalqına qarşı maksimum təzyiq siyasətinin uğursuz təcrübəsini təkrarlamamaq üçün faktları görməyi və keçmişdən dərs almağı tövsiyə edib.
İran İslam Respublikası prezidenti qeyd edib ki, İran 5+1 qrupu və 4+1 qrupu ilə danışıqlarda həmişə tam rasional hərəkət edib və öz məntiqli tələblərini irəli sürüb.
Rəisi, həmçinin ABŞ rəsmilərinin regiona səfərlərinə işarə edərək, deyib: "Əgər ABŞ rəsmiləri bölgəyə İsrail rejiminin mövqelərini gücləndirmək və onunla bəzi ölkələr arasında münasibətləri normallaşdırmaq üçün gəlirlər, onların bu səyləri heç vaxt sionist rejim üçün təhlükəsizlik yaratmayacaq".
İran prezidenti amerikalılara xitabən deyib: "Bölgəyə səfərlərinizin təsirini anlamaq istəyirsinizsə, xalqların bu məsələdəki mövqeyinə gözünüzü açın və görün ki, bölgə xalqlarının qəlbində israil rejiminə və bu rejimin törətdiyi cinayətlərə qarşı nifrət artıbdır".
Rəisi, həmçinin İranın regionda baş verənləri çox diqqətlə izlədiyini və heç bir hərəkətin onun nəzərindən yayınmadığını vurğulayaraq, deyib: "Amerikalılardan mesaj gətirənlərə dəfələrlə çatdırmışıq ki, İranın ərazi bütövlüyünə qarşı ən kiçik bir addım belə olarsa, ən sərt reaksiyamızla qarşılaşacaqlar".