Okt 18, 2022 11:25 Asia/Baku
  • Kənani: İran Aİ qurumlarına qarşı qarşılıqlı sanksiyalar elan edəcək

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının İranın bəzi rəsmi və qurumlarına qarşı birtərəfli sanksiyalar tətbiq etmək qərarını kəskin şəkildə pisləyib bildirib ki, tezliklə Avropanın müvafiq qurumları və şəxslərinə qarşı qarşılıqlı sanksiyalar tətbiq edilərək, elan ediləcək”.

SəhərAzəri-nin məlumatına əsasən, Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurası bazar ertəsi günü insan hüquqları bəhanəsi ilə İranın Əxlaq Polisi və Hüquq Mühafizə Orqanları da daxil olmaqla 11 İran vətəndaşı və 4 qurumuna sanksiya tətbiq edib.

"İRNA"nın məlumatına görə, Nasir Kənani Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının İranın bəzi rəsmi şəxslərinə və qurumlarına qarşı birtərəfli sanksiyalar tətbiq etmək qərarını kəskin şəkildə pisləyib və bunu beynəlxalq hüququn pozulması və İranın daxili işlərinə müdaxilənin bariz nümunəsi kimi qiymətləndirib.

Kənani əlavə edib: "Belə yanlış və qeyri-konstruktiv qərarın konkret siyasi motivlər, həmçinin İran xalqının əleyhdarları və onlara bağlı olan tanınmış medianın əsassız, təhrif olunmuş məlumatlarına və uydurma iddialarına əsaslanması dərin təəssüf hissi doğurur". 

O, Avropa İttifaqı Nazirlər Şurasının sanksiya qərarını qərəzli yanaşmanın davam etdirilməsinin və siyasi məqsədlərə çatmaq üçün insan hüquqlarından instrumental istifadənin göstəricisi kimi qiymətləndirib və belə bir qərarı kökündən rədd edilmiş, səmərəsiz və etibarsız adlandırıb.

Nasir Kənani qeyd edib ki, İran xalqı artıq Avropa İttifaqını ABŞ-ın İrana qarşı qeyri-qanuni sanksiyaları və maksimum təzyiq kampaniyası ilə bağlı hərəkətsizliyi və onu müşayiət etdiyi üçün insan haqlarının böyük pozucusu kimi qiymətləndirib. 

Bundan əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Aİ-nin Xarici Siyasət Başçısı Josep Borrell ilə telefon danışığında deyib: "İran İslam Respublikası güclü xalq dəstəyinə və səmərəli demokratiyaya malikdir. Bura məxmər və ya rəngli çevrilişlər ölkəsi deyil. İran regionda sabitlik və təhlükəsizliyin lövbəridir".

İranın xarici işlər naziri ölkəsinin Avropa İttifaqı  ilə əməkdaşlıq üçün daha böyük çərçivə nəzərdə tutduğunu bildirərək, avropalılara İrandakı son iğtişaşlara realist yanaşmağı tövsiyə edib. 

Teqlər