Okt 31, 2022 09:20 Asia/Baku
  • “Biz bu bölgədə əcnəbilərin olmasına qarşıyıq”

İran İslam Respublikasının xarici işlər naziri azərbaycanlı həmkarı ilə telefonla danışaraq, rəsmi Tehranın bölgədə əcnəbilərin varlığına qarşı olduğunu bəyan edib.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahiyan ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov arasında gedən söhbət zamanı bəzi ikitərəfli məsələlər, o cümlədən regional və beynəlxalq aləmdə ümumi maraq doğuran məsələlər müzakirə olunub.

İranlı nazir İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında yaxşı münasibətlərə və Astanada iki ölkə prezidentlərinin son görüşünə toxunaraq, region ölkələrinin, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyünün toxunulmaz olduğunu vurğulayıb və deyib: “Biz həmişə bu bölgədə əcnəbilərin mövcud olmasının vəziyyəti çətinləşdirdiyinə inanırıq və bu varlığın əleyhinəyik.”

H.Əmir-Abdullahiyan daha sonra əlavə edib: İran İslam Respublikası Qafqazdakı ixtilafların düzgün həllini 3+3 iclasında və regional mexanizmlərdə axtarır və Azərbaycan Respublikası ilə Ermənistan arasında problemin həlli istiqamətində həmişə səylərini davam etdirəcək.

İranın diplomatiya aparatının rəhbəri qeyd edib: “Biz regionun təhlükəsizliyini bir-birinə bağlı məsələ hesab edirik və Azərbaycan Respublikasının təhlükəsizliyini regionun və İranın təhlükəsizliyi hesab edirik və hər hansı bir qüvvənin bu bölgədə yerləşdirməsinə qarşı olduğumuzu bəyan etmişik. Zira bölgədəki xarici qüvvələrin iştirakı sülhə, sabitliyə və regional əməkdaşlığa ziddir.

Bu telefon danışığında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iki ölkənin xarici işlər nazirləri arasında birbaşa və davamlı əlaqəni Tehranla Bakı arasında əlaqələrin dərinliyinin göstəricisi hesab edərək deyib: “Biz bu əlaqələri qiymətləndiririk və İran İslam Respublikasının regional sülh və sabitliyə kömək etmək səylərini yüksək qiymətləndiririk.”

Sonda C.Bayramov həmçinin bölgəyə xarici qüvvələrin yerləşdirilməsinin əleyhinə olduğunu bildirib və regionda sabitlik və təhlükəsizliyə kömək etmək üçün regional əməkdaşlığın, o cümlədən 3+3 formatında bunun reallaşmasının vacibliyini vurğulayıb.

Azərbaycan Respublikasının xarici işlər naziri sonda İran İslam Şurası sədrinin Bakıya gözlənilən səfərini ikitərəfli əlaqələrin inkişafına köməklik göstərən mühüm addım kimi qiymətləndirib.

Teqlər