İran ABŞ-ın Suriyanın Deyr Əz-Zor şəhərində mülki hədəflərə hücumunu pisləyib
İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ ordusunun Suriyanın Deyr Əz-Zor şəhərində mülki hədəflərə təcavüzkar və terrorçu hücumunu pisləyib.
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ qırıcıları cümə günü səhər tezdən Deyr-əz-Zorun şərqindəki "Hərabeş" məhəlləsində yerləşən taxıl toplama mərkəzinə və kənd inkişaf mərkəzinə hücum edərək, bu yerdə yanğına səbəb olub və ona ziyan vurub.
Hücuma cavab olaraq, müqavimət qüvvələri cümə gecəsi 60 raket və kamikadze dronları ilə amerikalı terrorçuların Suriyadakı 25 qeyri-qanuni bazasından ikisini hədəfə alıblar.
"İran Press"in məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani ABŞ ordusunun hücumuna cavab olaraq, deyib: "ABŞ ordusunun Suriyada "qanunsuz" mövcudluğunu davam etdirməsi, bu ölkənin bəzi hissələrini işğal etməsi, eləcə də oradakı müxtəlif hədəflərə hücum etməsi beynəlxalq hüququ, Suriyanın milli suverenliyi və ərazi bütövlüyünü pozur".
Kənani sionist rejimin sabitliyi pozan əməlləri və Amerikanın susqunluğu və ya bu saxta rejim ilə ayaqlaşmasına işarə edərək, əlavə edib: "Amerikanın yaranmasında böyük rol oynadığı İŞİD-lə mübarizə üçün Suriyada olması ilə bağlı iddiaları işğalın davam etməsi və enerji mənbələri və taxıl da daxil olmaqla Suriyanın milli sərvətlərinin talan edilməsi üçün sadəcə bir bəhanədir".
Kənani, həmçinin ABŞ-ın siyasi və hərbi rəsmilərinin İran İslam Respublikasına qarşı ittihamlarını rədd edərək, deyib: "Amerika rəsmiləri həmişə əsassız və sübuta yetirilməmiş ittihamlar irəli sürür və bu ittihamlar əsasında hökmlər verirlər, lakin Ağ Ev bilməlidir ki, bu üsul köhnəlmişdir".
O, əlavə edib: "Heç vaxt unudulmayacaq ki, general-leytenant Süleymani və İranın terrorla mübarizə üzrə məsləhətçiləri silahlı qüvvələr və Suriya xalqı ilə yanaşı terrorla mübarizədə mühüm rol oynayıblar və hazırda da İran İslam Respublikasının hərbi məsləhətçiləri Suriya hökumətinin müraciəti əsasında və bu ölkəyə terrorla mübarizə sahəsində kömək etmək məqsədi ilə Suriyadadır".