Apr 12, 2023 16:12 Asia/Baku
  • Abdullahian:

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ümumdünya Qüds Günü ərəfəsində BMT-nin baş katibi Antonio Quterreş və İslam Əməkdaşlıq Təşkilatının baş katibi Hüseyn İbrahim Tahaya və İslam ölkələrinin xarici işlər nazirlərinə ünvanladığı ayrı-ayrı məktublarda sionist rejimin törətdiyi cinayətlər nəticəsində Fələstindəki mövcud vəziyyətdən dərin narahatlığını ifadə edib.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir Abdullahian bu müraciətlərində, sionist rejimin Fələstin xalqına qarşı törətdiyi cinayət tədbirləri, o cümlədən terror, qətl, həbs və mülklərinin dağıdılmasını beynəlxalq və insan haqlarının prinsip və standartlarına zidd hesab edib və vurğulayıb: "İran İslam Respublikası sionist rejimin Fələstinə qarşı zorakılıq hərəkətlərini və qəddar əməllərini və onların ayrılmaz hüquqlarını pozmasını pisləyir".

Diplomatik aparatın rəhbəri məktublarının başqa bir hissəsində sionist rejimin dünya ictimai rəyinin Ukrayna müharibəsi ilə məşğul olmasından sui-istifadə etməsinə işarə edərək, insan hüquqları qurumlarının, eləcə də insan haqlarını müdafiə etdiklərini iddia edən ölkələrin sözü gedən rejimin Fələstin xalqına qarşı qeyri-insani hərəkətləri qarşısında susqunluğunu və fəaliyyətsizliyini tənqid edib və məzlum Fələstin xalqına dəstək vermək üçün dünya ictimaiyyəti və İslam hökumətləri tərəfindən dərhal və təsirli bir addım atılmasının vacibliyini vurğulayıb.

İranın xarici işlər naziri, həmçinin sionist rejimin gündəlik cinayətlərinə son qoyulması və Fələstinin hazırkı vəziyyətinin BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarda təcili müzakirə edilməsinin vacibliyini vurğulayıb.

Əmir Abdullahian davamında, regionda möhkəm və ədalətli sülhün bərqərar olmasının təkcə Fələstin işğalının tamamilə aradan qaldırılması, bütün fələstinli didərginlərin öz ölkələrinə qayıtması, Fələstinin taleyinin Fələstin torpağında bütün yerli xalqların iştirakı ilə ümumi və azad referendum keçirməklə müəyyən edilməsi yolu ilə mümkün olduğunu bəyan edib.  

İranın xarici işlər naziri sonda İran İslam Respublikasının sionist rejimin cinayətləri qarşısında müdafiəsiz Fələstin xalqının dəstəyini gücləndirmək üçün dost və müsəlman ölkələri ilə əməkdaşlıq etməyə tam hazır olduğunu təsdiqləyib.

Teqlər