May 28, 2023 20:32 Asia/Baku

Omanın xarici işlər naziri Bədr bin Həməd Əl-Busəidi ərəb mediasına bildirib ki, Heysəm bin Tariq Ali Səidin İrana tarixi səfəri regionun sabitlik və təhlükəsizliyinə və regional qonşuluq münasibətlərinə yaxşı təsir göstərəcək.

SəhərAzəri-nin məlumatına görə, Oman Sultanı Heysəm bin Tariq, tərkibində müdafiə, xarici işlər, iqtisadiyyat və investisiya nazirlərinin də daxil olduğu böyük bir nümayəndə heyətinin başında İrana səfər edib.

"Əl-Şərq Əl-Övsət" qəzetinin məlumatına görə, Oman xarici işlər naziri Bədr bin Həməd Əl-Busəidi bildirib ki, region regional münasibətlərdə yeni müsbət mərhələyə qədəm qoyur.

O qeyd edib ki, Oman və İranı möhkəm etimad və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan tarixi qardaşlıq münasibətləri bağlayır. Səfər hər iki ölkə rəhbərliyinin müxtəlif regional və beynəlxalq məsələlər üzrə əməkdaşlığa və məsləhətləşmələrə verdiyi önəmdən irəli gəlir.

Oman XİN başçısı qeyd edib ki, sultanın İrana bu səfərinin vaxtı regional münasibətlər üçün yeni və müsbət mərhələnin ortasına təsadüf edir. Hansı ki, iki lider arasında müzakirə mövzusu olacaq bir çox cari faylları və məsələləri təhlükəsizlik və sabitliyin sütunlarını gücləndirməyə xidmət edəcək şəkildə həll etmək üçün dəstəyi, məsləhətləşmələri və əməkdaşlığı tələb edir.

"Oman sultanının səfəri iki dost ölkə, Oman və İran xalqları arasında həm regional, həm də beynəlxalq səviyyədə ikitərəfli münasibətlərə böyük marağın olduğunu təsdiqləyir", - deyə Əl-Busəidi əlavə edib.

"Omanda biz ümid edirik ki, bu tarixi səfər regionun sabitliyi və təhlükəsizliyinə və regionun qonşuları arasında münasibətlərə müsbət təsir göstərəcək. Biz bunun nəticələrinin regional və beynəlxalq səviyyədə hiss olunmasını təmin etmək üzərində çalışacağıq", - XİN rəhbəri vurğulayıb.

Bu, Sultanın 2020-ci ildə taxta çıxandan sonra İrana ilk səfəridir.

Qeyd edək ki, Oman Krallığı uzun illərdir ki, İran İslam Respublikasının regiondakı ən mühüm iqtisadi və siyasi tərəfdaşlarından biri olub və Tehran və Məsqət arasındakı strateji əlaqələr iki ölkəni etibarlı dostlara çevirib.

Teqlər