İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycanla sərhədin sıfır nöqtəsində olub
General Baqiri: Azərbaycanla əlaqələrimiz inkişaf edir
İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri Azərbaycan Respublikası ilə müştərək sərhədə baş çəkib.
Azərbaycanla sərhədin sıfır nöqtəsinə də baş çəkən general-leytenant Məhəmməd Baqiri Araz çayı yaxınlığında sərhədçilərlə söhbət edib.
General deyib: “Azərbaycanla sərhəd və təhlükəsizlik məsələlərində heç bir problemimiz yoxdur. Allaha şükür, iki ölkə arasında iqtisadi əlaqələr hər gün inkişaf edir və dərinləşir”.
Baş Qərargah rəisinin sözlərinə görə, bu gün İran silahlı qüvvələrinin çəkindirici gücü həmişə olduğu kimi yüksəkdir və silahlı qüvvələrin bütün birləşmələri tam döyüş hazırlığındadır.
Qeyd edək ki, Məhəmməd Baqiri təhlükəsizliyi yoxlamaq üçün iyulun 19-da Azərbaycanla sərhəd məntəqəsində olub. O, Qərbi Azərbaycan əyalətinin Azərbaycan Respublikasının Naxçıvan bölgəsi ilə sərhəddə yerləşən Poldəşt şəhərində və Araz çayı sahillərindəki hərbi hissələrə baş çəkib.
General Baqiri Şərqi Azərbaycana səfəri zamanı İran Ordusu Baş Komandanı general-mayor Seyid Əbdürrəhim Musəvi, Hərbi Hava Qüvvələri komandanı pilot briqada generalı Həmid Vahidi, Quru Qoşunları komandanı briqada generalı Kiyumərs Heydəri, Baş Qərargahın müavini general Əziz Nəsirzadə və İran Ordusunun Koordinasiya üzrə müavini, kontr-admiral Həbibullah Səyyari müşayiət edib.