İran İslam Respublikasının yol və şəhərsalma nazirindən təklif:
“Azərbaycan ilə Ermənistan arasındakı gərginliyi aradan qaldırmağa hazırıq”
İran İslam Respublikasının yol və şəhərsalma naziri Tehranın Azərbaycan Respublikası ilə Ermənistan arasındakı gərginliyi aradan qaldırmağa hazır olduğunu bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, İran - Azərbaycan Birgə İqtisadi Komissiyasının həmsədri olan nazir Mehrdad Bəzrpaş Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev ilə telefon danışığı zamanı bu təklifi irəli sürüb.
Azərbaycanın və region ölkələrinin ərazi bütövlüyünə hörmətlə yanaşdığını vurğulayan Bəzrpaş xarici ölkələrin regiona müdaxiləsinə qarşı olduğunu bildirib və deyib: “Biz hesab edirik ki, regionun problemləri region dövlətləri və onların iştirakı ilə həll edilməlidir. Çünki əcnəbilər ancaq problemləri artırırlar”.
Onun sözlərinə görə, İran İslam Respublikası qonşuluq siyasətindən Azərbaycan və Ermənistan arasındakı gərginliyi həll etmək üçün istifadə edir.
Söhbətinin davamında iranlı nazir iki ölkə arasında müştərək layihələr və birgə komissiyanın əvvəlki iclasında qaldırılan məsələlər haqqında fikir mübadiləsi aparılıb.
Bəzrpaş Azərbaycan baş nazirinin müavininin birgə layihələrin icrası, o cümlədən Ağbənd körpüsü, sərhəd terminalı və Xudafərin su bəndi barədə məlumatını dinləyərkən deyib: “Layihələrin sürətlə icrası ilə əlaqədar Yol və Şəhərsalma Nazirliyinin qurumlarına lazımi göstərişlər verilib və mövcud problemlərin araşdırılması və həlli üçün nümayəndə heyəti təyin edilmişdir. Bununla yanaşı İran gömrükçüləri də mövcud problemləri həll etmək üçün Astara sərhəd terminalına göndərilib”.
İran - Azərbaycan Birgə İqtisadi Komissiyasının həmsədri həmçinin iki ölkə arasında bəzi siyasi anlaşılmazlıqların tezliklə aradan qaldırılacağına ümid etdiyini bildirib.
Bəzrpaş daha sonra universitetlərin açılma mövsümünün başlanması ilə əlaqədar iranlı tələbələrin iki ölkə arasında gediş-gəlişinin asanlaşdırılmasını vurğulayıb.
Azərbaycan Respublikası baş nazirinin müavini də cavab olaraq iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində iranlı nazirin səylərini yüksək qiymətləndirərək deyib: “İran-Azərbaycan əlaqələri ikitərəfli görüşlərdən sonra yaxşılaşıb və iqtisadi əlaqələr də inkişaf edir”.
Şahin Mustafayev İranın yol və şəhərsalma nazirini oktyabr ayında Azərbaycana səfərə və iki ölkənin birgə layihələri ilə tanış olmağa dəvət edib.