Rəşt-Astara dəmir yolunun potensialı açıqlandı
İran rəsmisi: Tranzit yükdaşımaların həcmi 15 milyon tona çatdırılacaq
İranın yol və şəhərsalma nazirinin müavini bildirib ki, Rəşt-Astara dəmir yolunun tikilib başa çatması ilə yüklərin tez, asan və keyfiyyətli daşınması təmin olacaq.
Şəhriyar Əfəndizadə Tehranda jurnalistlərin suallarını cavablandıran bildirib: “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmenti olan Qəzvin-Rəşt-Astara dəmir yolunun Rəşt-Astara hissəsi başa çatdıqdan sonra tranzit yükdaşımaların həcmi 15 milyon tona çatacaq”.
Onun sözlərinə görə, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yükdaşımaların həcmi 10 milyon tonu keçib. Bu istiqamətdə yükdaşımaları artırmaq məqsədilə bir sıra işlər həyata keçirilir.
Nazir müavini nəzərə çatdırıb ki, ötən ilin sentyabr ayında Bakıda Azərbaycan, İran və Rusiyanın rəsmi şəxsləri arasında keçirilən görüşdə bu məsələ müzakirə olunub. Qərara alınıb ki, tranzit yükdaşımaların həcmini 15 milyon tona çatdırmaq üçün qarşılıqlı əməkdaşlıq artırılsın.
Qeyd etmək lazımdır ki, Qəzvin-Rəşt-Astara dəmir yolunun Qəzvin-Rəşt hissəsi istismara verilib. Rəşt-Astara hissəsində isə tikinti işləri davam edir.
Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin 2028-ci ilədək başa çatdırılması planlaşdırılır.
Mayın 17-də Rusiya və İran Fars Körfəzi limanlarına keçidi təmin edəcək Şimal-Cənub layihəsi çərçivəsində Rəşt-Astara yolunun 160 kilometrlik hissəsinin birgə tikintisinə dair saziş imzalanıb. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur.
Məlumat üçün bildirək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında Şimal-Cənub nəqliyyat dəhlizinin təməli qoyulub. Azərbaycan Respublikası bu sazişə 2005-ci ildə qoşulub.
Ümumilikdə 13 ölkə (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Ermənistan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna) sözügedən Sazişi ratifikasiya edib.
Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, bunun Şimal-Cənub vasitəsilə 3 həftə olması gözlənilir.