BMT İranı alqışlayır
Narkotiklərlə mübarizədə İran lider ölkədir - TƏHLİL
Birləşmiş Millətlər Təşkilatının Narkotiklərlə Mübarizə İdarəsinin şöbə müdiri İran İslam Respublikasının narkotiklərlə mübarizə sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib.
Castis Teddi İranın Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəis müavini Əlirza Kazimi ilə görüşdə narkotiklərlə mübarizədə Tehranın faydalı təcrübələrindən istifadə etməyə çağırıb.
Bu görüşdə Kazimi İranın narkotiklərlə mübarizə sahəsindəki tədbirlərini açıqlayaraq bildirib ki, dünyada heroin kəşfinin təxminən 30%-i İranın payına düşür.
Onun sözlərinə görə, İran İslam Respublikası milyardlarla vəsait xərcləməklə yanaşı, bəşər cəmiyyətinin müdafiəsi yolunda 4000-ə yaxın şəhid verib, 12 min nəfər isə qazi olub.
İranın narkotiklərlə mübarizədə göstərdiyi səylərə baxmayaraq, beynəlxalq ictimaiyyət müxtəlif bəhanələrlə, o cümlədən sanksiyalara görə İrana bu sahədə öz yardımını göstərmir.
BMT-nin hesablamasına görə, dünyadakı tiryəkin 90%-i, morfinin 70%-i və heroinin 20%-i İran tərəfindən aşkar edilir.
İranın Narkotiklərlə Mübarizə Qərargahının hesabatında isə deyilir ki, amerikalıların Əfqanıstanda iyirmi illik mövcudluğu narkotik istehsalının artmasında ən mühüm amillərdən biri olub, belə ki, 2000-ci ildə Əfqanıstanın işğalı ilə eyni vaxtda bu ölkənin ümumi narkotik istehsalı təxminən 200 tona yaxın idi, lakin 2021-ci ildə bu rəqəm 9500 tona çatdı.
Qeyd edək ki, İran İslam Respublikası Əfqanıstanda narkotik istehsalının əsas mənbəyinə yaxın olduğu üçün hələ də Avropa ölkələrinə tranzit məqsədilə ölkəyə daxil olan narkotik qaçaqmalçılığına məruz qalır.
İran Əfqanıstanla 900 kilometrlik sərhəddə divar çəkmək, şərq sərhədlərində kameralar, tikanlı məftillər quraşdırmaq, kanallar qazmaq kimi tədbirlər görsə də, narkotiklərin tranzitinin qarşısını almaq üçün dəstək gözləyir. Bütün ölkələr və beynəlxalq qurumlar qlobal narkotik istehsalı, qanunsuz dövriyyəsi və narkomaniya probleminin aradan qaldırılması məqsədi ilə zəruri maliyyə resurslarının təmin edilməsinə ciddi yanaşmalıdırlar.