İranın səhiyyə naziri xarici ölkə vətəndaşları üçün müalicə imkanlarının yüksək səviyyədə olduğunu bildirir
1,2 milyon əcnəbi müalicə üçün İrana gəlir - AKTUAL
İranın səhiyyə naziri xarici ölkə vətəndaşları üçün müalicə imkanlarının yüksək səviyyədə olduğunu bildirib.
Bəhram Eynullahi bu barədə deyib ki, ötən il ölkəyə 64 müxtəlif millətdən 1 milyon 200 min sağlamlıq turisti səfər edib və hər il sağlamlıq turizmi vasitəsilə ölkəyə bir milyard dollar valyuta daxil olur.
Səhiyyə nazirinin sözlərinə görə, İraq, Əfqanıstan, Pakistan, Oman, Bəhreyn, Ermənistan, Tacikistan və Fars Körfəzi ölkələri də daxil olmaqla 10 ölkədən sağlamlıq turizmi üçün İrana səfərlər təşkil olunur.
Qeyd edək ki, İranda müasir avadanlıqlardan istifadə edən və yüksək keyfiyyətli tibbi xidmət göstərən yaxşı təchiz olunmuş xəstəxanalar var. Həmçinin ölkədəki həkim və professorların reputasiyası sağlamlıq turizmi sahəsində İranın brend imicinə kömək edir. Konkret olaraq iranlı mütəxəssis həkimlər sonsuzluğun müalicəsi və kök hüceyrələr kimi bir çox sahədə dünya liderləridir.
Maraqlıdır ki, İranda tibbi xidmətlərin qiyməti inkişaf etmiş ölkələrlə müqayisədə xeyli aşağıdır.
Korona-virus pandemiyasının yayıldığı zamana qədər Azərbaycan Respublikası vətəndaşları da müalicə üçün İrana üz tuturdular, lakin təəssüflə hazırda sərhədlərin bağlı qalması üzündən onlar İranda mövcud olan ucuz müalicə imkanlarından məhrumdurlar.
Rəsmi statistikaya görə, Azərbaycan Respublikasından İrana turist səfərlərinin pik həddi 2014-cü və 2015-ci illərə aiddir, bu illərdə bir milyondan çox Azərbaycan vətəndaşı İrana səfər edib və bu səfərlərin 50-60%-ə yaxını müalicə məqsədilə həyata keçib.
Vaxtilə Azərbaycan Respublikasının tanınmış həkimlərindən olan professor Adil Qeybulla İranın istehsal etdiyi dərmanların yüksək keyfiyyətini və müasir sənaye bölmələrində dərman istehsalını İranın tibb sisteminin üstünlüklərindən biri kimi qeyd etmişdir.