İran İslam İnqilabının Aliməqamlı Rəhbəri dövlət rəsmiləri ilə görüşdə buyurub:
“Builki Qüds Günü sionist rejimə qarşı beynəlxalq etirazı genişləndirəcək”
İslam İnqilabının Aliməqamlı Rəhbəri builki Qüds Gününün sionist rejimə qarşı beynəlxalq etirazı genişləndirəcəyini vurğulayıb.
Həzrət Ayətullahül-üzma Xamenei aprelin 3-ü axşam saatlarında İranın dövlət rəsmiləri və ictimai, siyasi və mədəniyyət xadimləri ilə görüşündə cinayətkar sionist rejimin Qəzzəyə hücumunun məqsədlərinin həyata keçməsində iki məğlubiyyətinə toxunaraq, bildirib: “Builki Qüds Günü, Allahın izni ilə, İran xalqının şövqü və müsəlman və azadlıqsevər xalqların iştirakı ilə işğalçı rejimə qarşı beynəlxalq etiraza çevriləcək”.
İnqilab Rəhbəri Qəzzənin mühüm məsələsinin dünya ictimai rəyinin prioritetindən düşməsinə imkan verilməməsinin lazım olduğunu vurğulayaraq, sionist rejimin soyqırım və kütləvi qətllər, qadın və uşaqlar, xəstələr və xəstəxanalara qarşı hücumları kimi cinayətlərini yaxın dövrlərin tarixində misli görünməmiş cinayətlər adlandırıb və deyib: “Cinayətlər o həddədir ki, hətta Qərb mədəniyyətində, Avropa və Amerikada yaşayan insanlar belə öz etiraz səslərini ucaltdılar”.
O həzrət, altı aylıq müharibənin bir növ yekunu olaraq sionist rejimi iki cəhətdən uğursuz hesab edib və deyib: “Onların ilk məğlubiyyəti oktyabr ayının 7-si və Əl-Əqsa Tufanı əməliyyatı oldu ki, kəşfiyyat və hərbi üstünlük iddiası ilə çıxış edən rejim məhdud resurslara malik olan Müqavimət qrupundan zərbə alaraq böyük bir kəşfiyyat uğursuzluğuna uğradı və sionist rejimin bu uğursuzluğu və rüsvayçılığı heç vaxt bərpa edilməyib və edilməyəcək.
Həzrət Ayətullahül-üzma Xamenei sionistlərin ikinci məğlubiyyəti olaraq Qəzzəyə hücumda elan edilmiş hədəflərə çata bilmədiklərinə toxunub və söyləyib: “Sionistlər amerikalıların hərtərəfli hərbi-maliyyə və siyasi dəstəyindən, o cümlədən qətnamələrə veto qoymasından faydalansalar da, qarşıya qoyduqları məqsədlərin heç birinə nail ola bilmədilər”.
İslam İnqilabının Rəhbəri əlavə edib: “Onlar müqaviməti və xüsusilə də HƏMAS qrupunu məhv etmək istəyirdilər, halbuki bu gün HƏMAS, İslami Cihad və Qəzzə müqavimət qrupları problemlərə dözərək işğalçı rejimə zərbə vurmaqdadırlar.
Aliməqamlı Rəhbər sionistlərin vəhşiliyini, günahsız qadın və uşaqların öldürülməsini onların Müqavimət döyüşçüləri qarşısında acizliyinin nəticəsi hesab edərək qeyd edib: “Sionistlərin məğlubiyyəti mütləq davam edəcək və onların Suriyada etdikləri kimi ümidsiz səyləri və təbii ki, buna görə onlara şillə dəyəcək, problemlərinə çarə olmayacaq. Sionist rejim gündən-günə zəifləyəcək və tənəzzül və məhvə yaxınlaşacaq”.
O həzrət sonda, İran İslam Respublikasının təşəkkülünü İslam dünyası üçün böyük bir fürsət hesab edərək, İslam nizamının artan gücü və düşmənlərinin zəiflədiyini vurğulayaraq deyib: “Regional hesablamalar və Müqavimət cəbhəsi və əks cəbhənin vəziyyəti Əl-Əqsa Tufanından sonra dəyişib və gələcəkdə daha da dəyişəcək və düşmənlər bu dəyişiklikləri qəbul etməli olduqları halda bilməlidirlər ki, bu bölgədə, İslam cəmiyyətində hökmranlıq edə bilməzlər”.