Təşviqat kampaniyasının 3-cü günü
İranda prezident seçkilərində rəqabət aparan 6 namizədin təşviqat kampaniyası davam edir. Kampaniyanın üçüncü günündə Əlirza Zakani, Mustafa Purmhəmmədi və Səid Cəlili telekanalların qonağı olacaqlar.
9 iyunda prezidentliyə namizədlərin Mili Teleradio Təşkilatının ayrı-ayrı radio və televiziya kanallarından faydalanaraq öz təşviqat kampaniyalarını aparması üçün püşkatma mərasimi keçirildi. Həmin püşkatmanın nəticələrinə əsasən bu gün yerli vaxtla saat 17:30-dan 18:30-dək Xəbər kanalının “Birinci sıra” verilişi Əlirza Zakaniyə evsahibliyi edəcək.
Mustafa Purməhəmmədi isə 18:30-dan 19:00-dək Birinci telekanalın “Xalq ilə” adlı verilişinin qonağı olacaq.
Prezidentliyə digər namizəd Səid Cəlili isə Xəbər telekanalının saat 22:00-dan başlayaraq 45 dəqiqə müddətində davam edəcək “Eksklüziv müsahibə” verilişində xalq ilə birbaşa söhbət imkanı əldə edəcək.
Qeyd edək ki, namizədlərin Milli televiziya və radio kanallarından birbaşa çıxış etmək imkanından əlavə onlar Birinci Telekanaldan 5 dəfə teledebatda iştirak edəcəklər. İlk teledebat 17 iyun Qurban bayramı gününə təsadüf edir və yerli vaxtla saat 16:00-dan 21:00-dək 5 saat müddətində canlı efirdə olacaq. Növbəti teledebatların 20,21,24 və 25 iyunda efirə buraxılacağı nəzərdə tutulub.
İran İslam Respublikasında 14-cü prezident seçkiləri cümə günü iyunun 28-də keçiriləcək. Seçki qərargahının bildirdiyinə görə namizədlərin təşviqat kampaniyası səsverməyə start verilməzdən 24 saat öncə yəni 27 iyun səhər saat 08:00-da dayandırılacaq.