İyun 25, 2024 15:53 Asia/Baku
  • Namizədlər xarici siyasətə olan baxışlarını şərh etdilər

İyunun 25-də İranda prezident seçkilərinə təsdiqlənmiş namizədlərin xarici siyasət mövzusunda dördüncü debatı keçirilib.

1403-cü il prezident seçkilərinin dördüncü debatı Məhəmməd Baqir Qalibaf, Məsud Pezeşkiyan, Əlirza Zakani, Mustafa Pourməhəmmədi, Əmirhüseyn Qazizadə Haşimi və Səid Cəlilinin iştirakı ilə xarici siyasət mövzusunda keçirilib.

Məhəmməd Baqir Qalibaf suallara cavab olaraq deyib: “Mənim prioritetim sistem tərəfindən təsdiqlənən diplomatiya və siyasətdir. Bizə uğur qazandıran ən mühüm məsələ milli səviyyədə konsensus yarada bilməkdir”.

Prezident seçkilərinə namizəd əlavə edib: “Biz mütləq danışıqlar aparacağıq və mütləq razılığa gələcəyik. Saziş parlamentin strateji qanununun 6-cı bəndində qeyd olunub. Bundan əlavə, mən daxili sahədə sanksiyaların neytrallaşdırılması ilə məşğul olacağam. Şəhid Süleymani sanksiyalar və təhdidlərin aradan qaldırılmasında hamımız üçün nümunədir”.

O iddia edib ki, Pezeşkiyanın bu gün işlədiyi qərargah Ruhaninin qərargahı ilə eynidir. Bu, on il əvvələ qayıtmaq deməkdir. Bu, xalqla hakimiyyət arasında daha çox uçurum deməkdir.

Məsud Pezeşikyan isə bildirib: “Əgər biz iqtisadi, sosial və beynəlxalq problemləri həll etmək istəyiriksə, konsensusa gəlməli və geniş ictimaiyyəti razı salmalıyıq. Nüvə sazişi həll olunurdu, lakin fikir ayrılıqları problemlər yaratdı və vəziyyət günü-gündən pisləşdi”.

Pezeşkiyan əlav edib: “Mən fundamentalistəm, amma prinsiplərə çatmaq üçün islahatlar aparmalıyıq. Ölkəni bir cərəyanın qərar verdiyi hökumətdən çıxarmalıyıq, bir ölkənin bir fraksiya tərəfindən idarə olunması mümkün deyil. Xarici siyasətimin əsasını şərəf, müdriklik və məqsədəuyğunluq təşkil edir; Amma mənim bu üç prinsip haqqında anlayışım digər namizədlərdən fərqlidir. Bir sözlə, mən xarici siyasəti həm İranın dünyadakı mövqeyini və nüfuzunu yüksəltmək, həm də hər bir iranlı üçün rifah və rahatlıq təmin etmək hesab edirəm”.

Əmirhüseyn Qazizadə Haşimi seçki debatları zamanı deyib: “Pezeşkiyanın tərəfdarları dünyaya bir gözlə baxırlar. Hətta təhlükəsizlik üçün yalvardılar. Şəhid Rəisi isə ölkəni müharibə kölgəsindən çıxararaq israillilərə Doğru Vədlə cavab verdi, hətta islahat hökumətinin diplomatları da Şəhid Rəisinin diplomatiyası ilə İrana qayıtdı”.

Onun sözlərinə görə, sanksiyalar nə təsirsizdir, nə də dünyanın sonu. Danışıqlar aparmalı və sanksiyaların təsirini aradan qaldırmağa çalışmalıyıq və Şəhid Rəisinin real yolunu davam etdirməliyik.

Höccətül-islam Mustafa Purməhəmmədi də debat ekspertlərinin suallarına cavab olaraq deyib: “Xarici siyasət daxili siyasətə uyğundur və biz daxildə bacarıqlı olmalıyıq. Xalqımız siyasi sistemdə iştirak etməlidir. İqtisadi diplomatiya vacibdir. Şəhid Rəisi hökumətində regional razılaşmalar yaxşı tədbirlər idi və ən əsası birgə layihələrin yaradılmasıdır”.

Purməhəmmədi əlavə edib: “Bəzi insanlar ayılmayıb və xarici məsələləri başa düşmürlər”.

Səid Cəlilinin də debatdakı fikirləri belə olub: “Ən yaxşı imkanlar xarici siyasət münasibətlərindədir. Müəyyən olunmalıdır ki, bizimlə ən çox bağlı olan ölkələrdə nə qədər valyuta mübadiləsi yaradılır? İqtisadi əlaqələr maksimum dərəcədə artırılmalıdır. Bu gün bəzi ölkələrdə imkanlarımız var, təkcə neft-kimya bazarı 135 milyard dollardır, bizim payımız isə çox azdır. Nüvə sazişi imzalananda bizim iqtisadi artımımız sıfır və mənfi idi. Xarici siyasətdəki yanlış üsullarla tərəf getməməliyik. Ölkənin gücünü artıran texnologiyalardan istifadə edərək ölkənin gücünü artırmalıyıq”.

Əlirza Zəkani də bu seçki debatında deyib: “Biz İranın gücünü nümayiş etdirməliyik. Aliməqamlı Rəhbərin göstərişləri və xalqa arxalanmaq xarici siyasətdə mühüm məsələlərdir. Bu gün dünya dəyişir və yanmış modellərlə regionda düzgün mövqe əldə etmək mümkün deyil. İslam inqilabının mesajı dünyada eşidilir. Qüdsün azad edilməsindən danışanda bu mesajın Amerikada da tərəfdarları var”.

Zakani əlavə edib: “Xatəmi dövründə Kresent və Total kimi ən böyük neft xəyanətləri ölkənin başına gəldi. Xatəmi, Zəngənə və Ruhanini bu ölkədə millətə qarşı hansı cinayətin törədildiyini söyləmək üçün debata dəvət edirəm”.