İyun 28, 2024 14:20 Asia/Baku
  • İranda növbədənkənar prezident seçkiləri keçirilir

Bu məlumata əsasən, seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 08:30) açılıb.

Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparır. İran Konstitusiyasının Mühafizəsi Şurası əvvəlcə altı siyasətçinin ərizəsini təsdiqləsə də, iyunun 26-da fundamentalistlərin xeyrinə namizədliyini geri götürdüyünü elan edən vitse-prezident Əmir Hüseyn Qazizadə Haşimidən sonra Tehran meri Əlirza Zəkani də iyunun 27-də analoji qərar verib.

O, iki əsas namizəd - parlamentin spikeri Məhəmməd Baqir Qalibafı və İnqilab Rəhbərinin Təhlükəsizlik Şurasındakı keçmiş nümayəndəsi Səid Cəlilini dəstəkləyib. Onlardan başqa, yarışda keçmiş Daxili İşlər və Ədliyyə Nazirliklərinin rəhbəri Mustafa Purməhəmmadi və islahatçı düşərgədən yeganə namizəd - keçmiş səhiyyə naziri Məsud Pezeşkiyan da var.

İranda 60 minə yaxın seçki məntəqəsi fəaliyyət göstərir. Azı 344 dairə ölkədən kənarda olan vətəndaşlar üçün açıq elan olunub.