İyun 30, 2024 16:37 Asia/Baku
  • Wall Street Journal: Qərbin Tehrana qarşı sanksiyaları uğursuzluğa uğrayıb

Amerika nəşri bildirir ki, İranda prezident seçkilərinin qalibi Tehranın beynəlxalq arenada artan və görünməmiş nüfuzunun varisi olacaqdır.

İRNA-nın məlumatına görə, The Wall Street Journal qəzeti İranda keçirilən növbədənkənar prezident seçkiləri ilə əlaqədar dərc etdiyi təhlilində yazır: “İran Ayətullahül-üzma Xameneinin rəhbərliyi altında onilliklər ərzində Amerikanın təzyiqlərini neytrallaşdırıb, Çinə neft satışı və Rusiya ilə hərbi əməkdaşlıq İranı maliyyə və diplomatik baxımdan gücləndirib. Tehran həmçinin Vaşinqtonun Yaxın Şərqdəki bir neçə onillik səhvlərindən və Amerika hökumətlərinin regiona olan yanlış münasibətlərindən səmərəli şəkildə istifadə edə bilib”.

Nəşr sonra qeyd edir ki, İrandan ilham alan qüvvələr hazırda İraq, Livan, Yəmən və Suriyanın siyasi arenasına hakim olublar və HƏMAS-ın İsrailə hücumu bu qrupların son onilliklərdə Təl-Əvivə qarşı ən dağıdıcı hücumu olmuşdur. Bundan əlavə aprel ayında İran ilk dəfə olaraq İsrailə birbaşa hərbi hücuma keçdi.

Məqalə müəllifinin qənaətincə, İran seçkilərinin ikinci turunda və ya noyabrın əvvəllərində ABŞ-da keçiriləcək seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq, İranın bölgədəki hərbi mövcudluğunun nəticələri fakt olaraq ortada qalacaq. Bu mənada İranın artan gücü Qərbin uğursuzluğuna işarədir. Cimmi Karterin prezidentliyindən bəri İranla qarşılaşmaq üçün effektiv strategiya tapmaq Qərbdəki xarici siyasətçiləri həmişə əndişələndirib. Lakin Qərbin sanksiyaları Tehranın beynəlxalq təcridinə artıq təsir göstərmir. İran faktiki olaraq regional gücə çevrilib.