İyul 01, 2024 20:01 Asia/Baku
  • Əli Baqiri Kəni: İraqın Bəəs rejimini dəstəkləyənlər indi İsrail rejimini dəstəkləyir

İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kəni deyib: "Səddam rejiminin Sərdəşt şəhərinə qarşı cinayətlərini dəstəkləyən ölkələr, bu gün Qəzzədə sionist rejimin törətdiyi hərbi və insanlığa qarşı cinayətləri dəstəkləyirlər".

Əli Baqiri Kəni bazar ertəsi Kimyəvi və Bioloji Silahlarla Milli Mübarizə Günü günü və İranın Sərdəşt şəhərinə qarşı kimyəvi bombardmanın ildönümü ilə əlaqədar keçirilən mərasimdə sionist rejimin Qəzzə xalqına qarşı kimyəvi silahlardan istifadəyə dair təhdidlərinə toxunaraq, deyib: "Acı reallıq və birbaşa təhdid sionist rejimin Qəzzədəki cinayətlərinin davam etməsidir ki, beynəlxalq ictimaiyyət buna son qoymalıdır".

Baqiri bu cinatələrin davam etməsi üçün dünya ölkələrinin, xüsusilə də Qərb ölkələrinin zəmin yaratdığını bildirərək, xatırladıb ki, on minə yaxın iranlı Səddam rejiminin kütləvi qırğın silahları ilə şəhid oldular və Qərb ölkələri Səddamı bu silahlarla təchiz etməkdə təsirli rol oynayırdılar. 

Əli Baqiri Kəni davam edib: "Səddamı kimyəvi silahlarla təmin etməklə onu bəşəriyyətlə mübarizəyə təşviq edən və İrana qarşı tətbiq edilən səkkiz illik müharibədə İraqın Bəəs rejiminə qarşı BMT Təhlükəsizlik Şurasında bir qətnamənin qəbuluna belə mane olan Qərb ölkələri indi bu kimyəvi silahların qurbanlarına lazım olan dərmanların İrana göndərilməsinə icazə vermirlər". 

Baqiri kütləvi qırğın silahlarını qlobal sülh üçün ən mühüm təhdid adlandırıb və deyib: "İran İslam Respublikası nəinki, heç vaxt qeyri-insani silahlara əl atmayıb, əksinə hər zaman kütləvi qırğın silahlarının aradan qaldırılmasının tərəfdarlarından olub və son 40 ildə kimyəvi silahlardan əziyyət çəkən qazilərin müalicəsində heç bir səydən əsirgəməyib, amma birtərəfli sanksiyalar qurbanların yarasına duz səpir".  

Baqiri Kəni əlavə edib: "İran İslam Respublikası Səddam rejimini kimyəvi silahla təmin edən ölkələrin məsuliyyətə cəlb edilməsində israrlıdır və Sərdəşt cinayətində Səddamı dəstəkləyənlər, hazırda sionistlərin Qəzzədə cinayətlərini dəstəkləyirlər".

Qeyd edək ki, 37 il əvvəl, 1987-ci il iyunun 28-də Səddam rejimi Sərdəşt şəhərinin bəzi hissələrinə kimyəvi silahla hücum etmiş, 100-dən çox qadın və uşağı şəhid etmiş, şəhərin 8000-dən çox sakinini zəhərli qazlara məruz qoymuşdu.

Teqlər