Avq 21, 2024 16:19 Asia/Baku
  • İran və Pakistan Yəzddə avtobus qəzası ilə bağlı başsağlığı veriblər

İran İslam Respublikası və Pakistan rəsmiləri ayrı-ayrı müraciətlərdə, bir neçə pakistanlı zəvvarın həlak olması ilə nəticələnən avtobus qəzası ilə əlaqədar başsağlığı veriblər başsağlığı veriblər.

Hər il İmam Hüseynin (ə) Ərbəini yaxınlaşdıqca müxtəlif ölkələrdən milyonlarla insan İraqa gedir və bir neçə günlük əzadarlıq mərasimi keçirdikdən sonra öz ölkələrinə qayıdırlar. İran bu marşrut üzərində yerləşdiyi üçün hər il yüz minlərlə zəvvar və Ərbəin mərasiminin iştirakçısını qəbul edir.

Ərbəin mərasimində iştirak etmək üçün İraqa gedən pakistanlı zəvvarları daşıyan avtobus çərşənbə axşamı avqustun 20-də İranın mərkəzindəki Yəzd şəhərində qəzaya uğrayıb ki, nəticədə təəssüflə 28 pakistanlı zəvvar həyatını ititrib, daha 23 nəfər isə yaralanıb. 

İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif həlak olanların ailələrinə başsağlığı verib və yaralıların tez bir zamanda sağalmasını arzu edib. 

Arif Yəzd vilayətinin valisi Mehran Fatemi ilə telefon danışığında yaralananların tibbi müalicəsini izləyib, qəzanın səbəbləri ilə maraqlanıb və faciəvi hadisədə zərər çəkənlərə bütün lazımi xidmətlərin göstərilməsini vurğulayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani də ölümlə nəticələnən qəza ilə bağlı başsağlığı verib.

Nasir Kənani X sosial media platformasındakı şəxsi səhifəsində yazıb: "Bir qrup əziz pakistanlı zəvvarın onları daşıyan avtobusun aşması nəticəsində həlak olması və yaralanması bizi dərin təəssüf və kədərlə sarsıtdı". 

Qonşu və qardaş Pakistan hökumətinə və həlak olanların ailələrinə səmimi başsağlığımızı bildirir, Allahdan həlak olanlara rəhmət, ailələrinə və yaxınlarına səbr və təsəlli , yaralılara isə tezliklə şəfa diləyirik". 

Kənani vurğulayıb ki, İranın səlahiyyətliləri və aidiyyatı qurumları xəsarət alan pakistanlı zəvvarlara ciddi şəkildə yardım və müalicə xidmətləri göstərirlər. 

Pakistanın baş naziri də İranda avtobusun aşması nəticəsində pakistanlı zəvvarların həlak olması ilə bağlı başsağlığı verib. 

Məhəmməd Şahbaz Şərif bir müraciətdə deyib: "İranın Yəzd şəhərinin yaxınlığında pakistanlı zairlərin [zəvvarların] avtobus qəzası nəticəsində həlak olmasından dərin kədərləndim. Rəhmətə gedənlərin ailələrinin dərdinə şərikik. Yaralılar üçün tez bir zamanda sağalma arzu edirik". 

Pakistanın baş naziri bu ölkənin Tehrandakı səfirliyinə zərər çəkmiş ailələrə hər cür yardım göstərməyi və həlak olanların cənazələrinin Pakistana göndərilməsini sürətləndirməyə tapşırdığını bildirib. 

Pakistan prezidenti Asif Əli Zərdari və bu ölkənin digər icra rəsmiləri, siyasi partiyaların rəhbərləri və tanınmış simaları da İranda zəvvarları daşıyan avtobusun aşması nəticəsində bir neçə Pakistan vətəndaşının həlak olması ilə bağlı başsağlığı veriblər.

Teqlər