Sen 03, 2024 12:57 Asia/Baku
  • Tehran regionda hər hansı geosiyasi dəyişikliyə qarşıdır

İranın xarici işlər nazirinin köməkçisi və Avrasiya məsələləri üzrə baş direktoru Tehranın regional sülh və sabitliyə dəstəyini və beynəlxalq səviyyədə tanınmış sərhədlər və geosiyasi status-kvonun hər hansı dəyişikliyinə qarşı olduğunu bildirib.

İRNA-nın məlumatına əsasən, Müctəba Dəmirçilu Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov ilə keçirilən görüşdə bildirib ki, regiondakı bütün ölkələrin maraqları və qanuni narahatlıqları nəzərə alınmalıdır.

Dəmirçilu həmçinin bütün tərəflərin maraqlarını nəzərə almaqla, region ölkələrinin potensialından istifadə edərək problemlərin həlli və regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə, iqtisadi planların həyata keçirilməsinə töhfə verməyin vacibliyini vurğulayıb.

IRNA qeyd edir ki, Qafqazda baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparan hər iki diplomat davamlı sülhün və regional əməkdaşlığın təminatçısı olan ölkələrin milli suverenliyinə, ərazi bütövlüyünə və qarşılıqlı maraqlarına hörmətlə yanaşdıqlarını vurğulayıblar.

Görüşün davamında bütün tərəflərin maraqlarını nəzərə alaraq, məsələlərin həlli və regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə və iqtisadi planların həyata keçirilməsinə kömək etmək üçün region ölkələrinin imkanlarından istifadə edilməsinin vacibliyinə təkid olunub. Bununla əlaqədar Cənubi Qafqazın üç ölkəsi: Ermənistan, Gürcüstan və Azərbaycan, həmçinin Rusiya, Türkiyə və İranın daxil olduğu 3+3 məşvərətçi formatının qarşıdakı görüşü müzakirə edilib.

Xatırladaq ki, bu format regionda təhlükəsizlik, iqtisadi və nəqliyyat əlaqələrinin açılması məsələlərini nəzərdən keçirir.