İran İslam Respublikasının prezidenti sionist rejimə xəbərdarlıq etdi
Pezeşkiyan: İran düşmənin təcavüzünü cavabsız qoymayacaq
SəhərAzəri-nin məlumatına əsasən, İsrail liderləri bilirlər ki, İrana qarşı səhv etsələr, sərt cavab alacaqlar, baxmayaraq ki, davranışlarına yenidən baxsalar, atəşkəsi qəbul etsələr və bölgənin məzlum və günahsız insanlarını öldürməyə son qoysalar, bu, cavabın şiddətinə təsir edə bilər. Bu bəyanatla İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyan noyabrın 3-də axşam saatlarında hökumətin iclasında çıxış edib. Prezident deyib ki, İran heç vaxt müharibəni başlayan tərəf olmayıb və kimsəni də müharibəyə təşviq etməyib, dünyanın müxtəlif yerlərində vaxtaşırı müharibələr törədən ABŞ olub və bu gün də həmin dövlət sionist rejimi dəstəkləmələ Yaxın Şərq regionunda müharibə alovunu alovlandırıb.
O, daha sonra sionist rejimin regionda müharibə, qan tökmə və qarşıdurmanı qızışdırmaq üçün cinayətkar və təcavüzkar hərəkətlərinə toxunaraq qeyd edib: “Məhz sionist rejim şəhid Həniyyəni qətlə yetirməklə müharibəyə başlamaq istədi və bəzi ölkələrin xahişi əsasında atəşkəs bərqərar etmək və günahsız qadın və uşaqların öldürülməsini dayandırmaq ümidi ilə İranın təmkinlik göstərməsindən sui-istifadə edərək cinayətlərini genişləndirdi və Livana qarşı təcavüz və cinayətinin miqyasını artırdı”.
Prezident sonra ABŞ və Avropa ölkələrinin regionda yaratdıqları böhrana ikiüzlü yanaşmasını tənqid edərək deyib: “Əgər bu ölkələr həqiqətən də müharibə və qan tökülməsini istəmirlərsə, niyə təklif olunan atəşkəs qətnamələrinə veto qoyurlar?”
Onun sözlərinə görə, bu gün bütün region ölkələri inanıb və əmin olublar ki, İran İslam Respublikası regionda sülh və sabitlik bərqərar etmək istəyir və məhz sionist rejimdir ki, ABŞ və Qərb dövlətlərinin dəstəyi ilə böhran və müharibənin şiddətlənməsinə can atır.
Pezeşkiyan İran İslam Respublikasının heç bir şəkildə təhdidləri cavabsız qoymayacağını vurğulayaraq, sionist rejim rəhbərlərinə xitabən deyib: “Onlar yaxşı bilirlər ki, İran İslam Respublikasına qarşı hər hansı bir səhvə yol versələr, sərt cavab alacaqlar. Yox əgər öz davranışlarına yenidən baxsalar, atəşkəsi qəbul etsələr və bölgənin məzlum və günahsız insanlarını öldürməyi dayandırsalar, bu, cavabımızın növünə və intensivliyinə təsir edə bilər”.