Yan 29, 2025 14:29 Asia/Baku
  • İranın BMT-dəki səfiri sionist rejimin başçısının əsassız ittihamlarına sərt cavab verib

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani sionist rejimin “prezident”inin İrana qarşı ittihamlarını əsassız adlandırıb və onu İsrail rejiminin region ölkələrinə qarşı destruktiv fəaliyyətlərini gizlətmək üçün məqsədyönlü və davamlı səylərin bir hissəsi kimi dəyərləndirib.

Əmir Səid İrəvani Təhlükəsizlik Şurasına ünvanladığı məktubda yazıb: "İran İslam Respublikası beynəlxalq ictimaiyyətin diqqətini bu aparteid rejiminin Qəzzə zolağında Fələstin xalqına qarşı törətdiyi dəhşətli cinayətlərdən yayındırmaqdan başqa heç bir məqsəd daşımayan bu cür əsassız iddiaları açıq və qətiyyətlə rədd edir”.

İrəvani əlavə edib: "Bu əsassız ittihamlar beynəlxalq hüququn açıq-aşkar pozulmasını və İsrail rejiminin region ölkələrinə qarşı destruktiv fəaliyyətlərini gizlətmək üçün məqsədyönlü və davamlı səylərin bir hissəsidir. Şübhəsiz ki, sionist rejim regional və beynəlxalq sülh və təhlükəsizlik üçün əsas və daimi təhdidir". 

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi davamında qeyd edib ki, bu yaramaz rejimin bəşəriyyətə və Fələstin xalqına qarşı törətdiyi soyqırım və cinayətlərdən başqa, sionizm Livan və Suriyanın suverenliyi və ərazi bütövlüyünə qarşı amansız təcavüzünü davam etdirir. Bu hərəkətlər BMT Nizamnaməsinin və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin açıq şəkildə pozulmasıdır.

"İran İslam Respublikası beynəlxalq ictimaiyyəti, xüsusilə də BMT Təhlükəsizlik Şurasını bu aparteid rejimini törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etməyə və beynəlxalq hüquqa riayət olunmasını təmin etmək üçün qətiyyətli tədbirlər görməyə çağırır", - deyə İrəvani vurğulayıb. 

Qeyd edək ki, BMT Baş Assambleyasının bazar ertəsi keçirilən xüsusi sessiyası zamanı İsrail rejiminin dırnaqarası prezidenti İrana qarşı “əsassız və təxribat xarakterli ittihamlar səsləndirib.