Azərbaycan prezidentinin köməkçisi Tehranda rəsmi görüşlərini davam etdirib
Pezeşkiyan Bakıya dəvət olundu
Fevralın 2-də İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyan Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi qəbul edib.
Görüşdə Hikmət Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və rəsmi dəvətini İran prezidentinə çatdırıb.
İran Prezidenti dəvətə görə təşəkkür edib və onun səmimi salamlarını prezident İlham Əliyevə çatdırmağı xahiş edib.
Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bundan əvvəl İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi ilə iki ölkənin elmi-tədqiqat mərkəzləri arasında əməkdaşlıq məsələlərini müzakirə edib.
Görüşdə iki ölkənin elmi-tədqiqat mərkəzləri və ictimai-siyasi fikir daşıyıcıları arasında əməkdaşlıq və qarşılıqlı səfərlərin təşkili məsələləri vurğulanıb.
Hacıyev həmçinin İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi və bu ölkənin xarici işlər naziri ilə də görüşmüşdür.
Xatırladaq ki, daha əvvəl Azərbaycan və İran arasında qarşılıqlı etimad artırılması tədbirlərini davam etdirmək barədə razılıq əldə olunmuşdu.
Azərbaycan prezidentinin köməkçisi sosial şəbəkədə yazıb: “Tehrana səfər çərçivəsində İran İR Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüşdüm. Görüşdə Bakıda aparılmış müzakirələrin davamı olaraq iki ölkə arasında siyasi, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apardıq və Şimal-Cənub Nəqliyyat Dəhlizinin əhəmiyyətini xüsusilə qeyd etdik”.
Hacıyev onu da vurğulayıb ki, Tehranda keçirilən görüşlərdə 3+3 regional formatı, Qoşulmama Hərəkatı (NAM), İslam Əməkdaşlıq Təşkilatı (OIC), İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə edildi, qarşılıqlı etimadın artırılması tədbirlərini davam etdirmək barədə razılıq əldə olundu.